AXCP sədri Əli Kərimli
İki həftədən artıqdır ki, Fuad Qəhrəmanlı ilə yenidən heç bir əlaqə yoxdur. Ailəsilə danışa bilmir. Cəbhəçi dostların müqavilə bağladığı ikinci vəkil də Fuad bəylə görüşə bilmir (Fuad bəy ilk vəkilindən imtina etməyə məcbur edilib). Həbsindən sonra bir ay müddətində də Fuad bəy ətraf aləmdən tam təcrid olunmuşdu. Vəkili görüşə bilmirdi, ailəsilə telefon danışıqlarına imkan verilmirdi. Həbsindən bir ay keçdikdən sonra Fuad bəy ailəsilə bir neçə dəfə qısa danışa bildi. Sentyabrın 2-dən onunla bütün əlaqələr yenidən kəsilib. Fuad bəy hətta Kürdəxanı təcridxanasında da hamıdan tam təcrid vəziyyətində saxlanılır. İstintaq dövründə ona dəfələrlə işgəncə verildiyi haqda məlumatlar var. Bu qəddərlığın, nifrətin, anti-insani münasibətin səbəbi nədir?
İlham Əliyevin cəbhəçiləri “ermənidən də pis düşmən” elan etdiyini unutmamışam. Ancaq Fuad bəyə qarşı qərəzli münasibət cəbhəçilərə olan qərəzli münasibətin də üstündədir.
Bəli, Fuad bəy rejimə münasibətdə çox prinsipialdır. Yazıları və çıxışları sərt və prinspial olub. Fuad bəyin Cəbhənin təşkilatlanmasında da, mitinqlərin təşkilində də rolu böyükdür. Ancaq o, heç vaxt yalan, böhtan yazmayıb, hakimiyyətə şər atmayıb, kimsəni söyməyib, təhqir etməyib, zorakılığa çağırmayıb. Bu qədər qərəzin səbəbi nədir? Fuad bəy 3-cü siyasi məhbus həyatını yaşayır. İlk dəfə 23 yaşında “Müxalifətin mitinq taktikası” adlı yazısına görə həbs olunmuşdu. 2-ci dəfə Nardaran hadisəsi zamanı yazdığı feysbuk statusunda bu təxribata verdiyi prinsipial qiymətə görə siyasi məhbus həyatı yaşayıb. Fuad bəy 2019-cu il 19 oktyabr mitinqindən sonra da həbs olunub, ağır işgəncələrə məruz qalmışdı. Bu dəfə də Qarabağ mitinqi bəhanəsilə həbs olunub. Həmin mitinqə heç qatılmamış Fuad bəyə qarşı Cinayət Məcəlləsinin 4 maddəsilə absurd, ağır ittihamlar irəli sürülüb.
Qələmindən başqa heç bir silahı olmayan, 15 yaşından Milli Azadlıq Hərəkatına qoşulmuş, dövlətinə və millətinə hər zaman bağlı, prinsiplərinə sədaqətli olan bir siyasətçiyə qarşı ancaq prinsipial mövqeyinə görə bu qədər nifrət edilərmi? Bu qədər qəddarlıq onu edənlərin cılızlığından, mənəvi kasadlığından xəbər vermirmi?
İctimai vicdan bu hədsiz qərəzə, kinə, anti-insani münasibətə qəti etiraz etməlidir. Rejimin bir rəqib siyasətçi ilə belə qəddar davranışı təkcə onun qorxusunu və mənəvi yoxsulluğunu deyil, həm də bütöv bir xalqa hörmət etmədiyini göstərir. Nə Fuad bəy, nə də xalqımız bu münasibətə layiqdir. Xalqımız bu rəzaləti aradan qaldırmaq üçün mütləq səsini ucaltmalıdır. Hamılıqla tələb etməliyik: Fuad Qəhrəmanlıdan əl çəkin, Qarabağ məhbuslarını, siyasi məhbusları azad edin!
Yazını Ə.Kərimlinin fb səhifəsinin admin heyəti paylaşıb.