Bəxtiyar Hacıyev
Eynulla Fətullayevin saytı BMT-də Azərbaycan prezidentinin təşəbbüsü ilə Xüsusi Sessiyanın keçirilməsi ilə bağlı iradlarımdan istifadə edib, məni “vurub”, Paşinyanla əlaqələndirməyə çalışıb. (Link şərhdə. Yeri gəlmişkən, məni hansısa ölkənin demokratik yolla hakimiyyətə gəlmiş baş naziri ilə müqayisə etməklə nə etdiklərindən xəbərdardırlarmı?
Aydın məsələdir ki, onlara bu tapşırığı Administrasiyada məni “çox istəyən” şöbədən veriblər. Bu məsələyə qayıtmaq istəmirdim, ancaq özləri qaşınırlar.
Azərbaycanın BMT-də koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiya təşəbbüsü niyə mənim üçün sarkazm və gülüş mənbəyinə çevrildi?
1) Prezidentin köməkçisi, kifayət qədər təcrübəli H.Hacıyev iyul ayında Operativ Qərargah brifinqində “BU GÜN BMT-nin xüsusi sessiyası KEÇİRİLƏCƏK” dedi. Həmin ərəfədə də hökumət saytları, qəzetləri “Azərbaycan BMT-ni bir araya topladı və s.” kimi geydirmə propaqandaya başlamışdılar. Sonradan həmin Hikmət Hacıyev “Xüsusi Sessiya uzun prosesdir, 1 il də çəkə bilər” deyib, fırlatdı.
Bu gün 17 sentyabrda artıq 2 gündür ki, BMT Baş Assambleyasının 75-ci sessiyası öz işinə başlayıb, gündəlikdə COVID19-la bağlı məsələlər də var, ancaq Azərbaycanın çağırdığı Xüsusi Sessiyanın hələ tarixi də razılaşdırılmayıb. O zaman bu hay-küyə, ölkə pandemiya ilə mübarizə apardığı vaxtda bu geydirmə təbliğata nə ehtiyac vardı?
2) Azərbaycanın beynəlxalq aləmdə bütün məsələlərdə, o cümlədən koronavirusla mübarizədə liderliyini biz də istəyərik. Ancaq öz ölkəsində vətəndaşa düzəməlli 190 manatlıq yardımı verməyən, min bəhanə ilə yardımları bloklayan, qonşu Gürcüstanda 1-2 rəqəmli yoluxma olduğu halda hələ də ölkədə karantin rejimini uzadıb, günlük 600 yoluxmaya qədər qalxmış, hələ də 3 rəqəmli yoluxma sayından düşməyən ölkənin qlobal liderliyə nə iddiası ola bilər?
3) Azərbaycanın bu təşəbbüsdə bircə marağı var və BMT-də gedən kommunikasiyada da bunu müşahidə etmək olur. Azərbaycan prezidenti Qoşulmayanlar Hərəkatının (NAM) sədri kimi açılışda çıxış etsin və daxildə bunu təbliğata çevirsinlər. Məhz buna görə də bir çox ölkələr bu məqama etiraz edirlər.
4) Xüsusi Sessiya ilə bağlı ilk plenar iclas 15 sentyabrda 74-cü sessiyanın son iclasından dərhal sonra baş tutdu. Camaata dedilər zalda qalın, Xüsusi Sessiyanın bəzi məsələləri müzakirə ediləcək.
10 dəqiqədən ibarət iclasda cəmi 2 nəfər çıxış etdi, biri Azərbaycanın nümayəndəsi Yaşar müəllim Əliyev, ikincisi Ermənistanın nümayəndəsi. Qərar qəbul edildi ki, 75-ci sessiyanın rəhbərliyi Xüsusi Sessiyanın da rəhbərliyi ilə eyni tərkib olsun. Vəssalam.
Faktiki Azərbaycan BMT-nin 74-cü sessiyası zamanı bir təşəbbüs irəli sürüb, artıq 75-ci sessiya işə başlayıb, bütün resursları işə salıb, 75-ci sessiya ilə paralel bir tədbir keçirmək istəyirlər (Bütün dövlət qurumlarına paralel ASAN xidmətlər yaratdıqları kimi) ki, Azərbaycan prezidenti orada bir çıxış eləsin və bizim mətbuat “Azərbaycan prezidenti qlobal liderdir” təbliğatı aparsın. Ölkəmizdə isə vətəndaşların pandemiyaya görə yaranmış sosial, iqtisadi problemlərini həll etmirlər.
Buna gülüşlə, sarkazmla, tənqidlə yanaşmaqdan təbii nə var, ay rusdilli paytaxt provinsialları?