“Azərenerji” ASC-nin mətbuat xidməti: “Strateji obyektlərdə çalışan əməkdaşların səhlənkarlığa yol verməsi bağışlanası məsələ deyil”
Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) mühafizəsini həyata keçirən işçilər kütləvi şəkildə işdən çıxarılıb.
Bu haqda məlumat işdən çıxarılan əməkdaşların sosial şəbəkələrdə yayılan video-müraciətində qeyd olunur. Müraciətdə bildilir ki, bu ilin iyun ayında “Azərenerji” ASC-nin Hərbləşdirilmiş Mühafizə Dəstəsinin əməkdaşı olan və “Azərbaycan” İES-in mühafizəsini həyata keçirən 12 işçisi qanunsuz olaraq işdən çıxarılıb.
İşdən çıxarılanlardan Səməd Əsədov bildirib ki, onlar iyun ayının 23 və 24-ü tarixlərində 24 saatlıq iş rejimində çalışıblar (Yeri gəlmişkən, iyunun 25-də Prezident İlham Əliyev Mingəçevirə səfər edib və səfər çərçivəsində “Azərbaycan” İES-in 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğularının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib – A.) və bu zaman onların nəzarət etmədiyi sahədən stansiya ərazisinə kimlərsə icazəsiz daxil olublar. “Eyni zamanda İES ərazisinə daxil olan avtomobilin alt hissəsində hansısa maddəni içəri keçiriblər”, – deyən S.Əsədovun sözlərinə görə, onlara avtomobillərin alt hissəsinə baxış keçirmək barədə tapşırıq verilməyib və bugünə kimi heç bir avtomobilin alt hissəsi yoxlanılmayıb.
S.Əsədov və işdən çıxarılan digər işçilər iddia edirlər ki, bu cür məsələləri onlara irad kimi bildiriblər və tələb ediblər ki, ya özünüz öz xoşunuzla ərizə yazıb işdən çıxın, ya da sizi Əmək Məcəlləsinin “70 Ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən işdən çıxaracağıq.
Ölkə başçısı İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan işçilər bildirirlər ki, bu cür kiçik məsələləri bəhanə edərək onlara işdən çıxmaları üçün təzyiqlər ediblər.
Məsələ ilə bağlı “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib ki, işdən çıxarılandan sonra şikayət edən bu şəxslər ölkənin ən iri strateji elektrik stansiyaları olan “Azərbaycan” İES və “Mingəçevir” SES-in mühafizəsinə cavabdeh olan hərbiləşdirilmiş mühafizə dəstəsinin əməkdaşlarıdır: “Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir, onda bu strateji obyektlərdə çalışan əməkdaşların səhlənkarlığa yol verməsi əlbəttə ki, bağışlanası məsələ deyil. Bu adamlar durduqları yerdə işdən çıxarılmayıblar. Strateji obyektlərin mühafizəsinin sayıqlığını yoxlamaq, təhlükəsizliyi yüksək səviyyədə təşkil etmək üçün mövcud vəziyyət nəzərə alınaraq şərti əməliyyat keçirilib. Bu əməkdaşlar isə nəinki şərti əməliyyata reaksiya verib, heç bundan xəbərləri olmayıb. Yəni kameralara nəzarət edə bilməyən, postda yatan bəzi əməkdaşlar keçirilən şərti əməliyyata ən bağışlanılmaz formada sıfır təpki göstəriblər. Ona görə də həmin əməkdaşlar Əmək Məcəlləsinin müvafiq maddəsi ilə “əmək funksiyasını pozduqlarına görə” işdən azad olunublar”.
Xatırladaq ki, 2018-ci ilin 2-3 iyul tarixlərində “Azərbaycan” İES-də baş vermiş məlum qəzadan bir müddət sonra stansiyanın mühafizəsini həyata keçirən “Hərbləşdirilmiş Mühafizə Dəstəsi” MMC-nin işçiləri işdən çıxarılmışdılar. O zaman işdən çıxarılanlar ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək baş verən qəzada onların heç bir günahının olmadığını və işə bərpa olunmalarını xahiş etmişdilər. Ötən il yanvarın 25-də Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC rəhbərliyinə göstərişindən sonra işçilərin bir hissəsi isə əvvəlki iş yerlərində – mühafizə xidmətində, bir hissəsi digər sahələrdə işlərini davam etdirməyə başlamışdılar.
İşçilər iddia edirlər ki, bir müddətdən sonra onların yenidən sıxışdırmağa və işdən çıxarmağa başlayıblar.
Azər