Deməli baş nazirin başı aşağı müavini və YAP-ın baş biləni Əli Əhmədov bugün aclığının 15-ci günün keçirən Tofiq Yaqublu ilə bağlı bir status yazıb. O, qeyd edir ki, müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır. Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır”. Ən maraqlısı odur ki, əxlaqsız rejimin başbilənlərindən biri bu postunda əxlaqdan zaddan danışır. İkincisi isə, millətin haqqın və hüququn tələb etmək, azad seçki istəmək, korrupsiya və ailə-klan hakimiyyətinə yox demək, ölkənin müdafiə xərclərini oğurlayanları ifşa etmək nədən radikallıq olur?
Bütün ölkə bilir, beynəlxalq aləm çar çəkir ki, İlham Əliyevin kleptokratik, kriminal və korrupsiya rejimi Tofiq Yaqubluya saxta iş tikib, hakim ailənin şirkətində işləyən birisinindən “zərırdidə” düzəldib, ssenariləşdirilmiş bir əməliyyat nəticəsində Tofiq Yaqublu şərlənib, polisin nəzarətində olan bazar adamlarından saxta şahidlər düzəldilib, saxta hökm çıxarılıb və Əli Əhmədov indi yuxudan oyanıb mürgüləyə-mürgüləyə deyir ki, radikal müxalifət Tofiq Yaqublunun aclığından öz siyasi məqsədləri üçün bəhrələnmək istəyir.
Belə məlum olur ki, Tofiq Yaqublunu ölüm aclığına vadar edən İlham Əliyevin öz əleyhdarlarına qarşı pandemiyadan yararlanması, Tofiq Yaqublunun simasında “5-ci kolona” qarşı açdığı savaş deyil, Tofiq bəy kimi namuslu adamları “çistka” yolu ilə təməzləmək deyil, rejimə qarşı mübarizədə Tofiq bəyin öz həyatı hesabına “radikal” çiyindaşlarına pas verməsidir. Və guya Tofiq Yaqublu da bu haqsızlığa, ədalətsizliyə, qanunsuzluğa qarşı deyil, öz radikal çiyindaşlarına “bəhrələnmək” imkanı yaratmağa görə ölüm aclığına başlayıb. Belə fikirləşmək və belə yazmaq üçün ya son dərəcə utanmaz, ya da YAP-ın başbiləni olmaq lazımdır.
Bundan əlavə adam çox utanmazcasına hələ də iddia edir ki, Tofiq Yaqublu cinayət törədib. Bunu iddia etmək üçün vicdan, əxlaq, namus anlayışlarından, milli və mənəvi düşüncədən çox uzaq olmalısan. İlham Əliyevlə işlədiyinə, YAP-a rəhbərlik etdiyinə görə adam deyəsən bütün yuxarıda sadaladığımız keyfiyyətlərin daşın atıb. Tofiq Yaqublu İlham Əliyev rejimin ona qarşı etdiyi həyasızlığa, abırsızlığa, əxlaqsızlığa qarşı ölüm aclığı edir. Onun tələbi “yaxşı” müalicə deyil, haqq etdiyi azadlığa qovuşmaqdır.