Bu gün, sentyabrın 15-də 14-cü gündür aclıq edən müxalif siyasi xadim Tofiq Yaqublu ilə vəkili Aqil Layıcov və qızı Nigar Həzinin görüşünə imkan verilməyib.
Nigar Həzi bildirib ki, `bu qanusuzluqdur`.
“Vəkil istənilən vaxt müdafiə etdiyi şəxslə görüşə bilər. Vəkil Tofiq Yaqublu ilə görüşünə imkan verilməməsi ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparataına məlumat verib. Lakin hələ cavab ala bilməyib,” o qeyd edib.
Nigar Həzi bildirib ki, sentyabrın 16-da yenidən görüş üçün cəhd ediləcək.
O, atasının shhətinin ağır olaraq qaldığını bildirib.
“Həkim deyir ki, orqanizm hər gün zəifləməkdə davam edir,” Nigar Həzi deyib.
Vəkil Aqil Layıcov da Tofiq Yaqublunun səhhətindən narahatdır.
“İndi əsas məsələ Yaqublunun səhhətidir. Hüquqi prosedurlar sonrakı məsələdir. Mən onun səhhətindən çox narahatam. Artıq 4-cü gündür onunla kommunikasiya yarada bimirəm. Sentyabrın 12-də, 14-də və bu gün müraciət etməyinə baxmayaraq, məni onunla görüşə buraxmırlar,” vəkil qeyd edib.
Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.
Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.
Amerikanın səsi