“Müdafiə Xətti” inanır ki, Emin Saqiyev Azərbaycanda siyasi motivlərlə həbsə atılmış 200-dən çox siyasi məhbusdan biridir. O, siyasi ittihamlarda hökumətin ənənəvi olaraq dəyənək kimi istifadə etdiyi cinayət qanununun narkotiklərdən sui-istifadəni qadağan edən 234.4.3-cü maddəsi əsasında məhkum edilib.
2017-ci ilin noyabrında həbs edilən E.Saqiyev dərhal yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus elan edilib. Saqiyev 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin əsassız və ədalətsiz hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Müdafiə Xətti” inanır ki, hökumət E.Saqiyevi onun yaxın qohumu olan tənqidçi bloqqer Türkel Azərtürkün Avropadan yayımladığı, hakimiyyəti kəskin tənqid edən populyar verilişlərinə görə cəzalandırıb. T.Azərtürk özü siyasi təqib və təzyiqlər nəticəsində mühacirət edib.
“Müdafiə Xətti” dərin narahatçılıq hissi ilə bildirir ki, hökumət mühacirətdə olan tənqidçilərini uydurma ittihamlarla bibaşa “zərərsizləşdirə” bilmədikdə onların yaxın qohumlarını siyasi girov kimi saxlayaraq təzyiq vasitəsi kimi istifadə edib. Bloqqer Türkel Azərtürkə qarşı tətbiq edilən bu üsul bir neçə il öncə mühacirətdə fəaliyyət göstərən “Azadlıq” qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti Qənimət Zahidin Azərbaycanda yaşayan qohumlarına qarşı da həyata keçirilib. Q. Zahidin qardaşı oğlu Rüfət Zahidov, əmisi oğlu Rövşən Zahidov da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum ediliblər. Hər iki şəxsi yerli və beynəlxalq hüquq müdafiə təşkilatları dərhal siyasi məhbus kimi tanıyıblar. Hökumət habelə bir neçə il öncə hökumətin düşmən saydığı bloqqer Emin Millinin qaynı R.Ağabəyovu da eyni maddə ilə uzun müddətə azadlıqdan məhrum etmişdi.
“Müdafiə Xətti” qeyd edir ki, avqustun 18-də Ali Məhkəmə Emin Saqıyevin kassasiya şikayətini təmin etmədikdən sonra o, məhkəmənin qərarına etiraz olaraq saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb. Sentyabrın 11-də vəkili Bəhruz Bayramovla görüşdükdən sonra 24 günlük aclığı dayandırıb. Müdafiəçi Bəhruz Bayramov bildirir ki, Emin Saqıyev çox zəifdir, çəki itirib, danışmaqda çətinlik çəkir. “Müdafiə Xətti” bilidrir ki, iki azyaşlı uşağı olan Emin Saqiyev ailənin yeganə gəlir gətirən üzvüdür. Hökumət E. Saqiyevi qurama ittihamlar əsasında cəmiyyətdən təcrid etməklə onsuz da ağır şəraitdə kirayədə yaşayan ailəsinin məhrumiyyətini daha da dərinləşdirib.
“Müdafiə Xətti” hökumətin siyasi tənqidçilərindən qanun və hüquqla, mənəviyyatla bir araya sığmayan şəkildə qısas almasını, insanların qohumluq münasibətlərinə görə repressiyaya məruz qoyulmasına, faktiki girov qismində saxlanılmasını ölkədə dərinləşən hüquqi nihilzmin, şiddətlənən repressiyanın komponenti kimi qiymətləndirir.
“Müdafiə Xətti” siyasi girov Emin Saqiyevin azadlığa buraxılmasını tələb edir, habelə, yerli və beynəlxalq hüquq ictimaiyyətindən, insan haqları sahəsində ixtisaslaşmış hüquq müdafiə təşkilatlarından, etibarlı beynəlxalq siyasi və hüquqi mərkəzlərdən Azərbaycandakı insan haqlarının bu ağır durumuna müdaxilə etmələri məqsədilə fəal hərəkətə keçmələrini xahiş edir.
QEYD: Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma); 234.3-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma), 234.3-1-ci (Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə 234.4.3-cü maddəsi üzrə cinayət məsuliyyəti yaradır.