Həbsdə olan müxalifətçi Tofiq Yaqubluya dəstək məqsədilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdiyi deyilir.
Bu barədə sentyabrın 11-da aksiya iştirakçılarından biri olduğunu bildirən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb: “Hamımızın səhhətində problemlər yaranıb. Təzyiq aşağı düşüb, baş ağrıları, baş gicəllənmələri var, Dünən, sentyabrın 10-da yenidən təcili yardım çağırmalı olduq (sentyabrın 9-da da təcili yardım çağırıldığı açıqlanmışdı-red.), həkimlər aclığı dayandırmağımızı istədilər. Təbii ki, buna razı olmadıq. İynə vurmaq istədilər, onu da qəbul etmədik”.
E.Quliyevin bildirməsinə görə, aclıq aksiyasına sentyabrın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov və Elşən Həsənov ev şəraitində başlayıblar. Onun əlavə etməsinə görə, aksiya sentyabrın 7-dən Müsavat Partiyasının qərargahında davam edir və o da həmin gündən aclığa qoşulub.
Bu deyilənlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
T.Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.
Azadlıq radiosu