Vəkil Asabəli Mustafayev
Avropa Məhkəməsi bu gün çoxdan gözlədiyim qərarı elan etdi. Bu Turac Zeynalovun Naxçıvan MTN-də işgəncələr ilə öldürülməsi işi idi. T.Zeynalovun məhz MTN əməkdaşları tərəfindən işgəncə ilə öldürülməsini artıq açıqlamaq olar, çünki bu Avropa Məhkəməsinin qərarında öz əksini tapmışdır. Bu iş çox faciəli, kriminal və dedektiv bir iş idi. O dövrdə mətbuatda bu barədə yazılmışdır, yəqin çoxları xatırlayar. T.Zeynalov Naxçıvan Beynəlxalq aeroportunda sürücü işləyirdi. Günlərin birində qəflətən onu Naxçıvan MTN-i həbs etdi. Həbsdən 3 gün sonra MTN-dən ailəsinə bildirdilər ki, Turac xəstəlikdən vəfat edib. Əvvəl heç meyidi ailəsinə vermək istəmirdilər. Turacın ailəsi və yaxınları aksiya keçirdikdən sonra Turacın meyidini ailəsinə təhvil verdilər. Meyidin ailəsinə qaytarılmasında hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovların böyük rolu oldu. Yaxınları meyidə baxış keçirəndə onun üzərində çoxlu sayda xəsarət izləri müəyyən olundu. Bu şəkillər ölkə mediyasında yayımlandı. Mən Naxçıvana gedəndə orada belə bir fikir dolaşırdı ki, Turac aeroportda baş vermiş müdhiş bir olayın (hansı ki, beynəlxalq miqyas daşıyırdı və ölkənin imicinə çox böyük zərbə ola bilərdi ) baş verməsinin şahidi olmuşdur və bu olayın şəkillərini çəkmişdir. Mən həmin olayın məzmunundan xəbərdaram, ancaq açıqlaya bilmirəm, çünki həqiqiliyi mənim üçün məlum deyil. Amma bu olay barədə yaxınlarda kimsə Focebookda məlumat paylaşmışdır.Görünür MTN-dəTuracdan həmin olay barədə kimlərə xəbər verməsini öyrənmək istəyirdilər və buna görə ona 3 gün işgəncə vermişdilər. Əvvəl mənimlə müqaviləni Turacın artıq dul olmuş həyat yoldaşı imzalamışdı. Bir qədər sonra xanıma ciddi təzyiqlər oldu və o, prosesin davamından imtina etdi. Daha sonra müqaviləni Turacın atası Şuriyyə kişi ilə bağladıq. Ölkə daxili proses uzun çəkdi, mən bu barədə yazmaq istəmirəm. Qısaca onu qeyd edim ki, əvvəl Naxçıvan MTN-nə, daha sonra AR MTN-nə qarşı qaldırdığım məhkəmə iddiaları təmin olunmadı. Bu arada maraqlı bir olay baş verdi. Rusiyadan bir nəfər, onu X. adlandıraq, mənimlə əlaqə saxlayaraq bildirdi ki, Naxçıvan MTN-də gizli könüllü kimi fəaliyyət göstərib. Onun sözlərinə görə Turaca işgəncə verilməsinin və bu işgəncələr nəticəsində onun ölməsinin canlı şahidi olub. Həmin şəxs israrla bildirirdi ki, Turaca işgəncə verilməsində o vaxt Naxçıvanın Milli Təhlükəsizlik Naziri, indi isə həbsdə olan şəxs adam şəxsən iştirak etmişdir.X.-in sözlərinə görə MTN-nin tapşırığı ilə Turacın həyat yoldaşının məndən imtina etməsini də o təşkil etmişdir. Onun sözlərinə görə MTN ona daha ağır tapşırıqlar verdiyi üçün o, dözməyərək Rusiyaya qaçmışdır. Bir çox sirrlərə malik olan X.-i Rusiyadan geri almaq üçün Naxçıvanda onun barəsində dələduzluq maddəsilə cinayət işi qaldırılır və Rusiyanın müvafiq qurumlarına onun geri qaytarılması barədə müraciət olunur. Rusiya hüquq-mühafizə orqanları X.-i həbs edirlər və onun geri qaytarılması hazırlığını aparırlar. X.-in mənə müraciət etməkdə məqsədi Azərbaycana geri qaytarılmamasına kömək etmək istəyi ilə bağlı idi. Mən Rusiyadakı hüquq-müdafiəçilərinin köməyi ilə X.-ın vəkil ilə təmin edilməsinə nail oldum. Mənim xahişim ilə vəkil X.-dan Naxçıvan MTN-də Turacla baş vermiş olaya barədə yazılı izahat alaraq mənə göndərdi. Mən bu izahatı Avropa Məhkəməsinə Turac Zeynalovun işinə əlavə edilməsi üçün göndərdim.Bundan sonra həm mən, həm də Rusiyadakı vəkil Avropa Məhkəməsinə müraciət edərək X-ın geri qaytarılmasının qadağan edilməsini xahiş etdik. Avropa Məhkəməsi belə bir qərar qəbul etdi və X. həbsdən azad edildi. Bütün bunları yazmaqda məqsədim odur ki, hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, hakimlər bilsinlər ki, ədalət əvvəl axır zəfər çalacaq. Düzdür bu işdə hələ ədalətə nail olmamışıq. Bu iş üzrə qabaqda görüləcək iş hələ çoxdur. Hökümət, məhkəmələr nəzərə almalıdırlar ki, bu qərarda işgəncəyə məruz qalmamaq və yaşamaq hüquqlarının həm maddi, həm də prosessual cəhətdən pozuntuları tanınıb. Yəni işgəncə və ölüm hökümət nümayəndələri tərəfindən törədilib. Belə qərarlar Avropa Məhkəməsinin təcrübəsində çox azdır. Mənim apardığım işlərdən isə 2-də yaşamaq hüququnun,3-də işgəncəyə məruz qalmamaq hüququnun maddi cəhətdən pozuntusu tanınıb. Bu say həddindən artıq çoxdur. Səlahiyyətli şəxslər bu barədə dərindən fikirləşməlidirlər. Bu qərarla mənəvi ziyana görə 35 000 avro, hüquqi xidmətə görə 2000 avro kompensasiya nəzərdə tutulub. Əlbətdə bu qərar və kompensasiya cavan yaşlarında öldürülmiş Turacı geri qaytarmayacaq. Ancaq hər halda əzizlərinə bir təsəlli olacaq.
P.S. Bu işi aparmaqda mənə böyük dəstək vermiş İlqar və Məlahət Nəsibovlara, Naxçıvanda olan jurnalistlərə və fəallara öz minnatdarlığımı bildirirəm. Onların köməyi olmasa idi mən Naxçıvanda bu işi apara bilməzdim.