Onkoloji xəstəlikdən əziyyət çəkən bloqçu Mehman Hüseynov sentyabrın 8-i İsveçrədə, Cenevrə Universitet Hospitalında əməliyyat olunub. Novator.az-ın məlumatına görə, xərçəng şişinin xaric edilməsi əməliyyatı uğurlu keçib, bloqçu özünü yaxşı hiss edir.
Mehman Hüseynov bir müddətdir İsveçrədə müalicə alır, əməliyyatdan öncə Cenevrə Universitet Hospitalının onkoloji şöbəsində iki aylıq şüa terapiyası kursuna cəlb olunub.
1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçudur. 2017-ci ilin martında o, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
2018-ci il dekabrın 26-da bloqçuya yeni cinayət işi açılıb. Rəsmi açıqlamaya görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisə əməkdaşının qanuni tələblərinə tabe olmayaraq ona bədən xəsarəti yetirib.
Yeni cinayət işi ölkə ictimaiyyətinin və dünya birliyinin etirazlarına səbəb olub. Bu etirazlardan və Mehman Hüseynovun prezident İlham Əliyevə müraciətindən sonra 2019-cu il yanvarın 22-də ikinci cinayət işinin icraatına xitam verilib.
Mehman Hüseynov 2019-cu il martın 2-də ilk cinayət işi ilə kəsilmiş cəza müddətini başa vuraraq azadlığa çıxıb.
Bloqçunun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov İsveçrədə yaşayır. 2014-cü ildə ona Azərbaycanda cinayət işi qaldırılıb. O, İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.