Milli Şuranın sədri Cəmil Həsənli
Bu gün vəkil Adil Layıc Şüvəlan təcridxanasında Tofiq Yaqublu ilə görüşüb. Aclığın 6-cı gününə qədəm qoyan Tofiq bəyin vəziyyəti haqqında məlumat çox sarsıdıcı və qorxuncdur. Məlumatda göstərilir ki, Tofiq bəy görüşə çox gec gəldi. Halı yox idi, rəngi solmuşdu və əvvəlkitək yerimirdi, gözləri çuxura enmişdi sanki. Dedi ki, 9 kiloqram çəki itirib, 91 kiloqramdan 82-yə düşüb”. Məlumatda daha sonra təcridxana rəisinin müavini Rasim Əsgərov və psixoloqun Tofiq bəyin yanına gəldiyi bildirilir, onlar Tofiq bəyin psixoloji durumu haqda hansısa akt tərtib etmək istəyiblər və guya Tofiq Yaqublu psixoloji durumu ilə əlaqədar aclıq edir. Ancaq Tofiq Yaqublu onlara bildirib ki, psixoloji durumu normaldır, aclığı ona qarşı ədalətsizliyə görə edir.
Dəhşətlidir! Son dərəcə sarsıdıcıdır. İlk növbədə Tofiq bəyin 6 günlük aclıq aksiyasının onun səhhətinə, fiziki sağlamlığına vurduğu ziyana, təhlükəli həddə yetişməsinə görə sarsıdıcıdır. İkincisi isə Tofiq bəyin aclııq aksiyası üzərində də oyun qurmaq istəyirlər, üzərini psixi pozğunluq “maddəsi” qoyub aclığın səbəbini ədalətsizliyə, şərə, böhtana etirazla deyil, psixi pozğunluqla “əlaqələndirmək” istəyirlər. Vaxtıyla belə metodlardan Sovet KGB-si istifadə edirdi. Sovet dissidentlərini beynəlxalq dəstəkdən məhrum etmək üçün KGB-nin “psixoloqları” onların ruhi xəstəliklərə tutulması barədə aktlar tərtib edirdilər. İndi Əliyev rejimi də həmin yolu gedir.
Bu gün ölkə icimaiyyətinin əksəriyyəti, beynəlxalq insan haqları qurumları Tofiq Yaqublunu müdafiə edir. Bakıdakı Qərb səfirlikləri Tofiq Yaqubluya qarşı olan haqsızlığa REAL-ın “uğurlu” qeydiyyatı fonunda “etiraza” cəsarət edib yarımçıq bəyanatlar verir, İlham Əliyevlə yandaş olan bir dərnəyin “müxalif partiya” kimi qeydiyyatından Tofiq Yaqublunu müdafiə üçün “albi” kimi istifadə edilir. Məsələnin belə qoyluşundan vəcdə gələn REAL rəhbərliyi isə Tofiq Yaqublunun başına gələ biləcək qorxunc hadisənin günahını müxalifətdə axtarmaqla, xidmət etdiyi hakimiyyəti məsuliyyətdən yayındırıb, gözlənilən fəlakət anı üçün İlham Əliyevə “albi” yaradır. Hər iki mənada son dərəcə kədərli mənzərədir.
Dünən axşam Osmanqızı.tv ingilis dilində Tofiq Yaqublu haqqında mükəmməl bir proqram efirə verdi. Proqramın moderatoru Dr. Joanne Lisosky, iştirakçılar Dr.Gültəkin Hacıbəyli, keçmiş səfir Arif Məmmədov, jurnalist Sevinc Osmanqızı Tofiq Yaqublu haqqında dünya ictimayətinə təsirli bir təqdimat etdilər, onun yaddaqalan obrazını cızdılar, zəfər və faciəsini, demokratiya və azad cəmiyyət uğrunda ardıcıl mübarizəsini, çoxlarına örnək olan həyat hekayəsini vahid bir süjet xəttində birləşdirə bildilər. Hər kəsə təşəkkür! (Link şərhdə)
Xarici dəstəyə görə hər kəsə təşəkkür. Amma Tofiq bəyin xilasının yolu ölkə ictimaiyyətinin ayaqda olmasından, fəallığından, bu mübariz insana verdiyi mənəvi, milli, əxlaqi dəstəkdən keçir. Bu gün Tofiq Yaqubluya verilən dəstək hər bir Azərbaycan vətəndaşının özünə, öz taleyinə, bu gününə, gələcəyinə verdiyi dəstəkdir. Dostlar, arxadaşlar, millətdaşlar, çiyindaşlar, məsləkdaşlar sözün tam mənasında Tofiq Yaqubluya münasibətdə böyük Sabir demiş:
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! .