Qorxmaz Əsgərov
Tofiq Yaqublunun aclığı Azərbaycan siyasətində əxlaq məsələsini bir daha gündəmə gətirib. İctimai basqılar ən müxtəlif siyasi spektrlərin təmsilçilərini danışdırır. Bunu alqışlamaq lazımdır və dalğanı böyütməyə çalışmaq lazımdır. Məsələn hökumətyönlü biri belə Tofiq Yaqubluya azadlıq tələb, yaxud xahiş edirsə, imkan vermək lazımdır ki, danışsın. “Özünə siyasi xal yığır” deyib dışlamaq, fikrimcə zərərlidir.
Uzun müddət, Əliyevlər rejimi Azərbaycan siyasətindən əxlaqı qaçaq salıb və belə bir standart qoyub ki, hökuməti müdafiə etmək üçün polis ən tabu qırmızı xətləri tapdalasa da, o səfdə duranlar ləbbeyk deyib davam etməlidirlər. İndi Əliyev “köhnə qvardiya”-nı tapdalayanda, onlar da görür ki, hamının ailə-uşağı var və rejimə “dur” deyən olmasa, bu rejim ən xırda səbəbə görə hər kəsin evinə soxulub onu təpə-qapaz edə bilər.
Azərbaycan dövlətçiliyi hələ çox kövrəkdir və bu ölkədə həm siyasətçilər, həm də bütövlükdə cəmiyyət özü hələ çox şeyi təzə-təzə öyrənir. Oturuşmuş cəmiyyətlərdə bəzi əsaslı məsələlərdə müəyyən yazılmamış qanunlar, ənənələr olur. O ənənələr tanınmış bir siyasətçinin bəsit bir polis işverəninin əli ilə həbsə atılmasını qəbulolunmaz edir. Və bunu bütün tərəflər qəbul edir. Həm hökumətdəkilər, həm də müxalifətdəkilər. Oturuşmamış, “inkişaf etməkdə olan” cəmiyyətlərdə isə əlinə hakimiyyət keçən deyir “əcəb edirəm”, “tutacağam, məhbəsdə çürüdəcəyəm, şər atacağam, ailə üzvlərinə qarşı ən alçaq hərəkətlərə yol verəcəyəm və s.” Bir tərəfdən məntiqlidir, axı qarşı tərəf onsuz da cavab verə bilmir. O biri tərəfdən isə…
O biri tərəfdən isə, ömrü boyu bu rejimin düşünən beyni, vuran əli olmuş Ramiz Mehdiyev bir gün vəzifədən yola salınır, özü də orden-medalla. Az sonra isə ən insani bir iş görüb nəvəsinə o qədər də təmtəraqlı olmayan bir toy təşkil etdiyində, yəqin ki, həm də hakimiyyətdəki nüfuzuna güvənib kiçik bir inzibati xəta törətdikdə (bəli, karantin qaydalarını pozmaq kiçik inzibati xətadır), rejim polisi göndərib bütün ailəni təpə-qapaz edir, qollarını qandallayıb videolarını xalqa nümayiş etdirir və Ramiz Mehdiyevə də, onun tayfasına da göstərir ki, qudurğan hökumətin at oynatdığı ölkədə heç kimə rahatlıq yoxdur. Heç kimə. Nə müxalifət fəalına, nə də bu gün vəzifə tutana.
Ramiz Mehdiyevin başına gələnlərdən daha dramatik bir nümunə var. Vaxtilə Naxçıvan xanı Vasif Talıbovun milli təhlükəsizlik naziri Vəli Ələsgərov “əcəb edirəm” yolunu gedirdi. İdarəsində tutub işgəncə verdiyi iş adamlarından biri ona yalvarırmış ki, “Allahın olsun”, bu da öz telefonunu götürüb o biçarənin qabağına atıb deyirmiş ki, “ala, zəng elə Alahına, cavab versin, səsini eşidək, görək kişidir, yoxsa qadın”. Tipik yeni müstəqil ölkə məmurunun qudurğanlığı idi. Əlinə vəzifə keçib, amma o vəzifənin gücünü ölçə bilməyib və düşünüb ki, bu güc ki, onda var, lap Allahın cinsiyyəti ilə də maraqlana bilər. Zəbun oldu. Məhkəməsində məlum oldu ki, elə özü kimi məmurlar onu ən alçaq formalarda təhqir ediblər. Ağlayırmış məhkəmədə.
Bu fikri bir qədər uzun formada açıram ki, göstərim ki, cəmiyyətdə bir təkamülə ehtiyac var ki, HAMI müəyyən qırmızı xətləri tanısın və o xətləri tapdalamaqdan çəkinsin. İndi əgər başı daşdan-daşa dəyən məmurlardan hansılarısa bu sadə həqiqəti nəhayət ki, dərk edib, Tofiq bəyin azadlığı üçün çağırış edəcəklərsə, qoy etsinlər. Söhbət ondan gedir ki, adamı artıq neçənci dəfə ən axmaq böhtanlarla tutub neçə illiyinə zindana göndərirlər və bezmiş adam indi ölüm aclığı edir. Qırmızı xətdir bu. Hamı, ən yaramaz rejim təmsilçiləri də dəvət olunmalıdırlar ki, bu qırmızı xəttin tapdanmasına göz yummasınlar. Tələb edə bilən tələb etsin, xahiş edə bilən xahiş etsin. Bu o demək deyil ki, həmin adamlar dönüb demokrat olurlar, onların əvvəlki günahlarını müxalifətdəkilər bağışlayır və s. Əsla. Sadəcə cəmiyyətdə bir konsensus olmalıdır ki, gücü olan nəyi edəndə o edilən qanun pozuntusu olsa da normal siyasi mübarizə sayıla bilər, nələrisə etmək olmaz, necə güclü olursan ol. Bu konsensus yaranandan sonra da siyasi düşmənçiliklər öz yerində qalacaq, amma indiki qaydasız döyüşə bir sadə qayda gətirilmiş olacaq.
Cəmiyyət inkişaf etdikcə belə qaydaların sayı da çoxalacaq və (indi deyəsən çox uzağa gedirəm) siyasi mədəniyyət formalaşacaq.
Bu mövzudan söz düşmüşkən, Azərbaycan məmurlarını vəhşiləşdirib xalqın üstünə salan prinsiplərdən birinin çox cəlbedici adı var – “sədaqət”. Qısaca desək, məmur hesab edir ki, keçmiş prezidentə (“ulu öndərə”) və indiki prezidentə (“ulu öndərin layiqli davamçısına”) sadiq olmaq lazımdır və bu yolda ən alçaq işləri də görmək olar, ən biyabırçı tapşırıqları da yerinə yetirmək olar. Uzun illər əvvəl, mən Bakıda Amerika Milli Demokratiya İnstitutu ilə işləyəndə deputatlığa namizədlər üçün Amerikalıların keçirdiyi treyninqdə o vaxtın hökumətyönümlü biznesmen/siyasətçisi, Sumqayıtdan olan Sabir Tarıverdiyev öz kredosunu belə bəyan etmişdi: “Mən qanunlara hörmət edirəm amma Heydər Əliyevə görə lyuboy prestupleniya gedərəm”. Zaldakılar gülürdü, amma adam iqtidar nümayəndələrini iqtidara bağlayan sədaqət prinsipini birə-bir düzgün təsvir edirdi. Savadı az idi deyə fikirləşdiyini açıq deyirdi, o birilər gizlədirdilər, amma fəaliyyətlərini yönəldən prinsip elə o idi.
Bu günün özündə, Ramiz Mehdiyevin sutkalıq həbsdən çıxan kürəkəni İlham Əliyev adaşına – “prezidentə sədaqətdən” danışanda başa düşmür ki, camaat niyə iyrənir. Öz rəhbərinə sadiq qalmaqda qəbahətli nə var ki? Qəbahət ondadır ki, bir adam digər adama qeyd-şərtsiz sadiq olub onun hər istəyini həyata keçirməyə hazır olursa, o adam adam deyil, zəncirsiz itdir. Xarici zəncir yenə də var belə olanda – sahibinin iradəsi, daxili zəncirsə (əxlaq, ədalət anlayışı, Allah xofu və s.) büsbütün yoxa çıxır.
Cəmiyyət üçün də təhlükəlidir belə adam, bircə siqnalla hamıya hücum edər, təki ağası “fas” komandası versin. Keçmiş komanda yoldaşına da hücum edər. Ramiz Mehdiyev təəccüblənə bilər ki, niyə dünən onu tərifləyənlər indi qısqırdılmış it kimi üstünə düşüblər. Amma akademikin baxış bucağı səhvdir. Akademikin özü kimi o adamlar da bir-birinə yox, məhz prezidentə sadiqdirlər. Məgər o adamlar keçmiş prezidentə (“ulu öndərə”) və indiki prezidentə (“ulu öndərin layiqli davamçısına”) sadiq olmaqdan başqa nəsə edirlər? Yox. Ağa deyir sür dərəyə, sür dərəyə. Prezidentə sadiq olduqları üçün Mehdiyevi tapdalayırlar. Mehdiyev də, onun tayfası da qışqıra-qışqıra qalıb ortada ki, “biz prezidentə sadiqik”.
Sədaqət birindən tələb edildikdə qiymətli olur. Yəni, məsələn İlham Əliyevə Ramiz Mehdiyevin, yaxud başqa birinin xidmətləri lazım deyilsə, onların sədaqəti də mənasız bir şeyə çevrilir. İndi bu adamlar and-aman edə bilərlər ki, daim ulu öndərə-zada sadiq olublar, özləri də, tayfaları da ölümə belə gedərlər amma Əliyevləri satmazlar, amma faydasızdır, əziləcəklər. Hətta İlham Əliyev onların sədaqətinə tam inansa da, nəsə bir xəyanət ittihamı uyduracaqlar və əzəcəklər onları.
Hazırda Azərbaycanın kleptokratik rejimi tayfa-klan çetelərini başqa bir çete ilə əvəzləyir. Yeni kadrlar Qərb-təhsilli, ingilis-fransız dilli olacaqlar. Bunların da işi soyub talamaq olacaq, çünki başda oturan prezident bu işə şəxsən rəhbərlik edir. Azərbaycanın talanması sxemində xarici işbazların rolu barədə çox yazmışam və danışmışam. Hesab edirəm ki, indi baş verən kadr dəyişiklikləri də Əliyev rejimi ilə həmin o işbazların simbioz münasibətlərinin məntiqi inkişafı və hətta növbəti mərhələsidir. İngilisdillilər lazımdır indi, Qərb-təhsillilər lazımdır. Onların sədaqətinə də axıra qədər inanmaq olmayacaq və yəqin ki, klassik ərəb diktaturalarında olduğu kimi eyni zamanda bir neçə kəşfiyyat xidmətlərinə işləyən tiplər olacaqlar. Amma rejim buna fikir verməyəcək. İndiki situasiyada vacib olanı odur ki, yeni kadrlar oliqarx olmağa iddialı olmayacaqlar, ucuz işləyəcəklər, tayfasız-klansız zəif və daim biri digəri ilə əvəzlənəcək menecerlər olacaqlar. İlham Əliyevə də hələ ki, sərf edir bu, onun xarici tərəfdaşlarına da.
Vurulan komanda isə hələ də İlham Əliyevə öz sədaqətini satmağa çalışır. Alan da yoxdur. Vaxtında adam olmaq lazım idi, bir nəfərin maraqları naminə hamını əzib keçəndə axırı belə olur. Köhnə oyuncaq kimi atılırlar kənara. Akademik Ramiz Mehdiyevin başı prezidentə öz sədaqətini izhar eləməkdən açılanda, qoy başqalarının dərdləri haqqında da bloq yazsın, lap elə Tofiq Yaqublunun azadlığını tələb/xahiş etsin. Müxalifətdəkilər də “xal yığır” deyib kişini incitməsinlər. Cəmiyyətlər belə inkişaf edir. Tərəqqipərvər insanlar doğru bildiklərini təkrar-təkrar deyə-deyə min bir əziyyətə dözürlər, zalımlar da başları daşdan-daşa dəyə-dəyə o fikirlərə gəlirlər, cəmiyyət də tısbağa sürəti ilə irəli gedir.