“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli 3 illik həbsini başa vuraraq bu gün Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Ziya Əsədli 2017-ci ilin sentyabrın 5-də Biləsuvar rayon Məhkəməsinin qərarıyla 3 il azadlıqdan məhrumetmə cəzası alıb elə məhkəmə zalında həbs edilmişdi. O, CM-nin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilirdi.
Jurnalist bildirirdi ki, ona qarşı təzyiq Xırmandalı kənd sakinlərinin etiraz aksiyasından hazırladığı videoreportajdan sonra başlayıb.
Ona yerli çayxana sahibinin şikayəti əsasında Biləsuvar rayon Polis Şöbəsində cinayət işi açılmışdı. Ziya Əsədli deyirdi ki, çayxana sahibi ona “burada müxalifətçilərə yer olmadığını” deyib və mübahisə edib.
Bir müddət sonra jurnalist çayxananın yanından keçərkən çayxana sahibi ona hücum edib və bir neçə dəfə zərbə endirib.
Z.Əsədliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Sonradan iş daha ağır maddə olan 221.3-cü (xuliqanlıq, silahdan və ya silah kimi istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddəyə tövsif edilmişdi.
azadliq.info