Milli Şuranın sədri Cəmil Həsənli
Qarabağ döyüşçüsü Tofiq Yaqublu üzərində qurulan məzhəkə yekunlaşmaq üzrədir. Dünən “dövlət” (oxu Əliyev) ittihamçısı Əsədulla Ramazanov ona, törətmədiyi əmələ görə cəzasını ciddi rejimli müəssisəsdə çəkməklə 4, 5 il müddətinə iş istəyib. Heç bilirsiniz Əsədulla nə deməkdir? Bu adın anlamı Allahın şiri deməkdir. Amma Allahdan uzaq olsa da adam dönüb İlham Əliyevin şirinə. Bir dəfə İlham Əliyevin atasının yaxın dostu Hafiz Əsədin vaxtında bir amerikalı Dəməşqə səyahətə gəlibmiş. Bələdçi ona Əsəd sözünün mənasını izah etdikdən sonra aparıb Dəməşqin meydanlarındakı Əsədin heykəl və büstlərini göstərir. Bu mənzərəni görməkdən sıxılan amerikalı axırda giddən soruşur ki, bağışlayın sizdə şirdən başqa ayrı heyvan yoxdur?
Tofiq Yaqubludan nəyin qisasın alırlar? Onun içindəki sonsuz vətən sevgisinin, millətə, xalqa bağlılığın, haqq işi uğruda fədakarlığının. Tofiq Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrikdə qurama və saxta ittihamı il 3 il müddətinə həbs edilmişdi. Amma “islah” olunmadı, 2019-un oktyabrında həbs edilib işgəncələrə məruz qoyuldu, yenə islah olunmadı.
İşgəncə altında nə tələb edirdilər Tofiq bəydən? Siyasətdən getmək. Getmədi. Milli Şuradan uzaqlaşmaq. Uzaqlaşmadı. Hökumətin işinə yarayan yalançı müxalifət olmaq. Olmadı. Əli Kərimli ilə çiyindaş olmamaq. Oldu. İlham Əliyevi tənqid etməmək. Etdi. YAP-dan Səyavuş Novruzov ona zəng edib dil tökdü, Milli Şuradan uzaqlaşmaq müqabilində İlham Əliyevin adından hər şeyə hazır olduqlarını vəd etdi. Alınmadı. Tofiq bəydən bax bunların qisasını alırlar.
Bəzən biz Tofiq bəylə bağlı məsələni çox sadələşdiririk. Hakimin, müstəntiqin, prokurorun, zərərdidənin, yalançı şahidlərin ləyaqəti yoxdur, bu ayrı məsələ. Əmir Teymur demişkən onlar ləyaqətlərin Əlincədə itiriblər. Amma Tofiq bəyin məsələsi onlarlıq deyil, əsəd-məsəd işi deyil. Bu işdə hakimdə, müstəntiqdə, prolurorda, yalançı şahidi də İlham Əliyev, əsas zərərdidəsi Əliyevlərin ailə-klan hakimiyyətidir. Əliyevin öz vətəndaşlarına işgəncə verdirib, onların üzərində saxta məhkəmələr qurub, namuslu adamları elektrik cərəyanından keçirib məhv edilən insan taleləri üzərindən Qərblə siyasi alver predmetinə çevirməkdə zəngin təcrübəsi var.
Deyirlər vaxtıyla özünü Uqandanın ömürlük diktatoru elan etmiş feldmarşal İdi Amin öz islahatlarına müxalifətçi əti yeməkdən başlamışdı. Hakimiyyət hərisi kimi öz düşmənlərinin ətini yeməklə hakimiyyətinin ömrünü uzadırdı Amin müəllim. Qaçandan sonra məlum oldu ki, 2 min müxalifətçi yeyib kannibal İdi Amin. Tofiq Yaqubluya “istənilən” 4,5 il nədir ki, müxalifətçi qovurması yeyən İdi Amina baxanda gərək öz əleydarların şərlədib min hoqqabazlıqla tutan İlham Əliyevə “şükr” edək.