Sentyabrın 1-də Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun işi üzrə prosesdə dövlət ittihamçısı Əsədulla Ramazanov məhkəməni müttəhimi ciddi rejimli cəzaçəkmə müəssisəsində 4, 5 il müddətinə mühakimə etməyə çağırıb.
Növbəti məhkəmə iclası sentyabrın 2-də saat 11:00-da olacaq.
Xatırladaq ki, martın 22-də vətəndaş Elxan Cəbrayılovun idarə etdiyi avtomobil Tofiq Yaqublunun park edilmiş və özünün də içərisində olduğu avtomobilini vurub. Bundan sonra E.Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü maddəsi (silah kimi əşyalardan istifadə etməklə xuliqanlıq) ilə cinayət işi qaldırıb, T.Yaqublu həbs edilib.
T.Yaqublu və onun həmkarları baş verənləri təxribat adlandırıblar. Məqsəd sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etməkdir. Beynəlxalq hüquq-müdafiə təşkilatları T.Yaqublunun həbsini pisləyiblər.
T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrikdə ittiham olunaraq üç il müddətinə həbs edilmişdi.
O həmçinin 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştirakına görə həbs edilib və polisdə işgəncələrə məruz qalıb.
Baş verənlərə AXCP sədri Əli Kərimli münasibət bildirib.
İlham Əliyevin 19 mart tarixli nifrət çıxışından cəmi 3 gün sonra həbs edilən Tofiq bəyin şərləndiyi ilk gündən məlum oldu. Ancaq Tofiq bəy məhkəmə dövründə də boş durmadı, ona qarşı quraşdırılmış bu vicdansız saxtakarlığı təkrar- təkrar ifşa etdi. Tofiq bəyin həbsi Milli Şura və AXCP-nin simasında real müxalifəti sıradan çıxarmaq planının bir hissəsidir. Xalqımızın mütləq əksəriyyəti Tofiq bəyin günahsız olduğundan, şərləndiyindən əmindir. Həm işğalçı Ermənistanla, həm də avtoritar kriminal rejimlə mübarizənin ön cərgələrində mövqe tutmuş bu mübariz dostumuza xalqımız hamılıqla azadlıq tələb edir. Rejim 100 minlərlə insanın nifrətini gözə alıb, əsas tənqidçilərindən birini uzun müddətə həbs etdirməyə hazırlaşır. Prokuror Tofiq bəyə 4 il yarım cəza verilməsini istəyib. Xalqımız Tofiq bəyə dəstəyini günlər keçdikcə daha da artırmalıdır. Minlərlə, onminlərlə azadfikirli insan Tofiq bəyin yerinin boş qalmaması üçün mübarizəyə qoşulmalıdır. Xalqımız azadlıq və ədalət uğrunda dinc mübarizəyə daha kütləvi qoşulmaqla həm Tofiq bəyə və digər vicdan məhbusu olan dostlarımıza sahib çıxmalı, həm də rejimə anlatmalıdır ki, mübarizənin önündə gedən şəxslərin kütləvi həbsi belə, xalqımızın azadlıq uğrunda mübarizəsini durdura bilməz. Xalqımız istənilən halda haqq etdiyi azadlıq və ədalətə qovuşacaq.
Contact.az