Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Mənim sözün həqiqi mənasında hakimiyyətə yazığım gəlir.
Bu gün fb səhifəmi üçüncü dəfə ələ keçiriblər. Səhifə adminliyi ölkə xaricində olduğu üçün onu tamamən ləğv edə bilməyiblər, ancaq bütün yazılarımı və 20 min izləyicini siliblər. Bununla da “molodes”-i haqq ediblər, heç şübhəsiz!
Hamı bilir ki, ölkənin bütün mobil operatorları sizin ailə mülkiyyətinizdir. Həmin mobil operatorlar mənim xarici diplomatlarla şəxsi söhbətlərimi yazıb efirdə səsləndiriblər. Ölkənin bütün internet provayderləri sizə və çevrənizə məxsusdur. Israil şirkətinə yoxsul xalqdan oğurladığınız milyonları səxavətlə paylayıb onlarla min cür kiberçinayət ortaqlığına girmisiniz. Təbii ki, sizin resurslarınızla bizim imkanlarımız bir deyil, səhifəmizi də oğurlaya bilərsiniz, profilimizi də, elə özümüzü də.
Hazırda Azərbaycanda yaşayan heç kimin nəinki profili, səhifəsi, malı, mülkü, heç canı da ona məxsus deyil. İstənilən vaxt üstümüzdən Oqtay Gülalıyevlə olduğu kimi maşın da keçə bilər və ya Tofiq Yaqublu kimi küçədə kiminsə üstünə vintaçanla hücum edə bilərik.
Mən bu ağır mübarizəyə yolunu tutan gündən nəinki özümün, məktəbli oğlumun da Allahdan verilmiş ömrü yox, sizin “humanizminizlə” əta etdiyiniz ömrü yaşadığımızı bilirəm. Ona görə, hələ, sağ olun, Oqtay bəylə, Tofiq bəylə müqayisədə mənimlə çox mərhəmətli davrandığınızın da fərqindəyəm.
Son günlər mən Belarusda baş verənlərdən çox yazırdım. Bu, Azərbaycan hakimiyyətinin “mazol”-udur. Çünki, Belarusda həm də Azərbaycan diktaturası can verir. Avropa Birliyinin, Böyük Britaniyanın, ABŞ-ın açıq mətnlə Lukaşenkonu prezident kimi tanımaqdan imtinası, Luka qardaşın persona non grata elan edilməsi, ünvanlı sanksiyaların işə salınması, bütün dünyanın diktatorla çətin mübarizəyə qoşulmuş Belarus xalqına maddi və mənəvi baxımdan dəstək verməsi Azərbaycan hakimiyyətinin sadəcə, kənardan seyr edib təəssüflənəcəyi məsələlər deyil, bu, yaxın gələcəkdə onun özünün yaşayacağı taleyin konturlarıdır. Bir az gec ya tez, bir az fərqli biçimdə, amma mütləq yaşayacaqları, qaça bilməyəcəkləri taledir.
Odur ki, bu barədə düşünmək belə istəmirlər. İnsanların bunu anlamasından, bu barədə danışmasından vahimələnirlər. Belarusun dünya xəritəsindən silinməsi, itməsi, qeybə çəkilməsidir ən böyük arzuları. TV-lərə, KİV-lərə, dialoq müxalifətinə, ərkləri çatan hər kəsə belə “tematik amneziya” tapşırığı veriblər. Unudun Belarusu, yoxdur Belarus, vəssalam…
Gültəkin Hacıbəylinin səhifəsi yox, lap özü olmasın, bu, üstünüzə gələn qar uçqununun, sunaminin qarşısını alacaqmı?! Zavallılar.
Yox əgər Qarabağdan tutmuş beynəlxalq münasibətlərədək, sosial-iqtisadi böhrandan tutmuş hakimiyyətiçi çəkişmələrədək bütün cəbhələrdəki məğlubiyyətlərinizi, xəyal qırıqlığınızı təsəlli etmək, özgüvəninizi ayaqda saxlamaq üçün sizə kiçik bir “qələbə” lazım idisə, qurban olsun sizə mənim fb səhifəm!