Bu gün, avqustun 18-də yazıçı-publisist Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb. Onun özü Facebook səhifəsində canlı yayımda saxlanılmasını əks etdirən video yayıb.
Videoda Böyükçöl polis əməkdaşlarından onun evinə gəlmələrinin səbəbini və bu barədə məhkəmə qərarının olub-olmamasını soruşur. Bu zaman mülki geyimli bir şəxs evə daxil olaraq onu saxlayır və bununla da canlı yayım kəsilir.
Böyükçöl bundan bir saat öncə facebookda yaydığı canlı yayımda hökuməti və hüquq mühafizə orqanlarını kəskin ifadələrlə tənqid edir. Həmin canlı yayım yazıçının qapısının polis tərəfindən döyülməsi ilə başa çatır.
Öz növbəsində, Daxili İşlər Nazirliyin mətbuat xidməti yerli mediaya bildirilib ki, Kəramət Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər.
“Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır,” mətbuat xidməti qeyd edib.
Kəramət Böyükçöl Facebook səhifəsində hökuməti və jurnalist Mirşahin Ağayevi kəskin tənqid edən statuslar yazır.
Böyükçöl 2020-cu ilin 9 fevralında keçirilən parlament seçkilərində deputatlığa namizəd olub. O, bir neçə kitab müəllifidir.
Amerikanın səsi