Tural Ağayev
Nə boykot, nə də seçkidə iştirak ayrı-ayrılıqda dəyişiklik vəd etmir. Azərbaycanda 2003, 2005 seçkilərindən sonra meydana çıxanlar Belarusda ilk günlərdə çıxanlardan qat-qat çox idi. 2013-də də bütün qüvvələr birlikdə seçkiyə getdi. Nəticələr nə oldu? Dəyişdimi? Dəyişmədi. Çünki seçki heç də həmişə dəyişikliklə nəticələnmir. Demək ki başqa şərtlər də tələb olunur. Belarusla Azərbaycan arasında fundamental fərqlər var: Coğrafi mövqe, qonşular, qərb dövlətlərinin marağı, mədəniyyət fərqləri, enerji resursları (neft, qaz), münaqişə ocağı və s.
Belarus demokratik dövlətlərin əhatəsindədir (Rusiya istisna olmaqla). Belarusun bütün qonşuları (Rusiya istisna olmaqla) Belarusda demokratik qüvvələri dəstəkləyir. Azərbaycan isə əsasən avtoritar dövlətlərin əhatəsindədir və bütün qonşuları başda Türkiyə, Rusiya və İran olmaqla birmənalı olaraq hazırki hökümətin hakimiyyətdə qalmasında maraqlıdır. Belarusun demokrat qonşularına baxın –Latviya, Litva, Polşa, Ukrayna. Hər biri Belarus demokratik qüvvələri üçün nəfəslik rolunu oynayır. Azərbaycan demokratik qüvvələrinin “nəfəsliyi” Gürcüstan müxalif jurnalistin başına torba keçirib Azərbaycana təhvil verdi.
Belarus uzun illər qərb dövlətlərinin sanksiyası altında olub və daimi bu dövlətlərin təzyiqi altındadır, hər seçkidən sonra Qərb dövlətlərindən qınama məktubları gəlir. Azərbaycan höküməti isə uzun illərdir, qərbdən dolayısıyla dəstək görür, hər seçkidən sonra ABŞ, Almaniya İngiltərə,Fransa kimi super güclərdən birlikdə işləmək arzusunu ifadə edən təbrik məktubları gecikmir.
Ən əsası post sovet məkanında dəyişiklik baş verən ölkələrin heç biri ölkə siyasətini şəkilləndirəcək enerji resurslarına sahib deyil. Azərbaycanda isə zəngin neft qaz yataqlarından əldə olunan milyardların ölkəyə girməsi Azərbaycanın xarici siyasətinin hakimiyyətin xeyrinə müəyyən edilməsində əsas rol oynayıb və oynamaqdadır.
Bir də ölkədəki son həbslər zamanı aydın oldu ki, qərb dövlətlərinin Azərbaycanda demokratik qüvvələrlə bağlı əsas narahatlıqlarından biri demokratik qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Qarabağ və ətraf rayonlar üzərində süverenliyin bərpa edilməsi üçün hərbi əməliyyatların başlama ehtimalının yüksək olmasıdır ki, C.Qafqazda, xüsusilə enerji kəmərlərinin yaxınlığında yenidən münaqişənin alovlanmasını istəmirlər. Bunlar hələ mənim müəyyən edə bildiklərimdir.
Bunları qoyaq bir kənara. Lap tutaq ki, seçki dəyişiklik gətirir. 2020-ci il Parlament seçkilərində Bakının mərkəzi rayonları da daxil olmaqla 125 seçki dairəsi üzrə seçicilərlə görüş üçün 120-dən artıq açıq məkan ayrılmışdı. Seçki kampaniyası dövründə seçkilərə qatılan siyasi təşkilatların heç biri gedib açıq məkanlarda 50 nəfərlik də olsa belə mitinq keçirməyib. Seçki dövrünün monitorinqi aparılsa aydın görünəcək ki, seçki dövründə siyasi təşkilatların əksəriyyəti dövlət rəhbərliyini tənqiddən qaçıb hakimiyyətin “yeni siyasi konfiqurasiyasında” yer almağa ümid edib. İnanmırsız, araşdırın seçki dövrü siyasi partiyaların tənqid hədəflərinə fikir verin – ümumi, ANS tənqidi, hətta bəzilərinin tənqid hədəfi seçkiləri boykot edən müxalifət olub.
Seçki sonrasına gəlincə, “hesablamışam, 2013-cü il seçkilərində müxalifətə 1 milyondan artıq seçici səs verib. Bir nəfər lider çıxmadı ki, bu insanları mobilizasiya etsin” deyən şəxs seçkidən sonra təyin etdiyi mitinq günü heç mitinqə qatılacaq şəxsləri xəbərdar etmədən hökümətin 50-ci şəxsi ilə “dialoqa” getdi. Elə bu “dialoqun” nəticəsində hakimiyyət “pozitiv addımlar” atmağa başladı. Son 3 ildə bütün bilik və bacarığını hakimiyyətin müdafiəsinə xərcləyən, hökümətə “intellektual xidmət” göstərən Erkin Qədirli əməyinin mükafatı olaraq deputat təyin olundu, hazırda bu xidmətini də eyni bilik və bacarıqla yerinə yetirir. İndi durub deyirlər ki, seçkilər “boykot” olunmasaydı, bu dəqiqə Azərbaycanda İsveç modeli tətbiq olunmuşdu. Dəyişiklik vəd edən seçki kor gözlə də görülür. Özümüzü aldatmayaq.
Nəhayət, “boykot hakimiyyətə sərf edir” deyirlər. Seçkidən sonra gördük, seçkiyə gedəni, yoxsa getməyəni cəzalandırdılar, seçkiyə gedəni, yoxsa getməyəni mükafatlandırdılar. Seçkilərdə iştirakın qatı tərəfdarı olmuş professor Altay Göyüşov “Düz danış” proqramında açıq dedi ki, öncədən demişdim, boykot müxalifətini seçkidə iştirak etmədiklərinə görə cəzalandıracaqlar və budur cəzalandırırlar.