Milli Şuranın işgəncələr əleyhinə bəyanatı
Demokratik Qüvvələrin Milli Şurası böyük narahatlıq və hiddətlə son zamanlar Azərbaycanda siyasi müxalifətə, vətəndaş cəmiyyətinə və sadə vətəndaşlara qarşı işgəncələrin geniş vüsət aldığını bəyan edir.
21-ci əsrdə Avropa Şurasının üzvü olan və Avropa Birliyi ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışan bir ölkədə qəddar və dəhşətli işgəncə praktikasının yer alması və hətta ağır pandemiya şəraitində bu praktikadan siyasi müxalifləri və təndiqçiləri susdurmaq vasitəsi kimi geniş sui-istifadə olunması qorxunc və utancvericidir.
Azərbaycan xalqının Ordumuza dəstək məqsədilə keçirdiyi dinc və kütləvi etiraz aksiyasından sui-istifadə etməklə gerçəkləşdirilən “dövlət çevrilişi” şousu nəticəsində hətta həmin aksiyaya qatılmayan onlarla AXCP üzvü həbs olunub, onlardan 17 nəfərinə qarşı ağır cinayət ittihamları irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib. 18 nəfər AXCP fəalı isə inzibati qaydada, əsasən 30 sutka müddətinə azadlıqdan məhrum ediliblər.
İstər cinayət, istər inzibati icraat qaydasında təqib olunan bütün müxalifətçilərin prosessual hüquqları saxlandıqları andan kobud şəkildə pozulub. Onların heç birinin ailəsilə əlaqə yaratmaq və vəkillə görüşmək hüququ təmin olunmayıb. Nəticədə, saxlanılan şəxslərin durumu və yeri həftələrlə qeyri-müəyyən olaraq qalıb, bu vəziyyətdə saxlanılanlarla yanaşı onların ailə üzvləri də mənəvi əzab yaşayıblar.
Saxlanılan AXCP fəallarının bir çoxunu ailələri və yaxınları ilə müqavilə bağlayan müstəqil vəkillərləri müvəkkillərindən imtinaya məcbur ediblər. Etibarlı mənbələrdən alınan və sonradan saxlanılanların özləri tərəfindən təsdiqlənən məlumatlarara görə müxalif fəallara ağır işgəncələr verilib, onların ailə üzvlərilə telefon əlaqəsinə, vəkillə görüşlərinə maneələr də məhz bu faktları gizlətmək məsədlə yaradılıb.
Ailələri tərəfindən cəlb edilmiş vəkillərdən və apellyasiya şikayətlərindən imtinaya məcburetmə də həmin şəxslərə qarşı törədilən ağır işgəncələrin Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin diqqətindən yayındırılmasına xidmət edir.
Barəsində 3 ağır maddə ilə cinayət işi qaldırılan AXCP fəalı Seymur Əhmədzadə iki gün ərzində davamlı şəkildə ağır fiziki və mənəvi işgəncəyə məruz qalması haqqında məlumatı ailəsi vasitəsilə cəmiyyətə ötürə bilib.
Daha öncə 3 dəfə siyasi məhbus həyatı yaşayan AXCP-nin yüksək səlahiyyətli funksioneri Fuad Qəhrəmanlının ağır və qəddar fiziki və mənəvi işgəncələrə məruz qalması ilə bağlı məlumatların cəmiyyətdə və beynəlxalq dairələrdə ciddi narahatlıq doğurmasına baxmayaraq bugünədək onun ailəsi və müstəqil vəkillə görüşmək hüququ təmin edilməyib. Fuad Qəhrəmanlının məhz təzyiq və şantaj altında vəkildən və barəsində seçilən həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətindən imtinaya məcbur edilməsi şübhə doğurmur. Etibarlı mənbələr onun yaşadığı fiziki işgəncələrdən əlavə qardaşının narkotik ittihamı ilə həbs olunacağı ilə təhdid edildiyini bildirir.
Həbs olunan digər şəxslərlə bağlı hələlik təsdiqlənməmiş çoxsaylı işgəncə xəbərləri mövcuddur.
İşgəncə Azərbaycan hüquq-mühafizə orqanları praktikasında mütəmadi qaydada tətbiq edilən təzyiq və şantaj alətidir. Xüsusilə, son illər Əliyev rejimi ondan daha geniş şəkildə faydalanmağa çalışır . Bu təcrübə, heç şühbəsiz, getdikcə ağırlaşan sosial-iqtisadi böhran, korrupsiya və uzun illərdir Azərbaycan torpaqlarının işğal altında qalması, bu istiqamətdə heç bir irəliləyişin olmaması fonunda vətəndaşların artan narazılığını susdurmağın, cəmiyyəti qorxutmağın sınaqdan çıxmış yolu kimi tətbiq edilir.
Polisin xüsusi amansızlıqla yatırdığı 19 oktyabr, 2019-cu il tarixli dinc aksiyası zamanı AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbərliyində təmsil olunan Tofiq Yaqublu və İbrahim İbrahimli ağır fiziki və mənəvi işgəncələrə məruz qalıblar. Əli Kərimli və Tofiq Yaqublu saatlarca kameralar qarşısında eyni zamanda 6-8 nəfər polis əməkdaşı tərəfindən vəhşicəsinə döyülüb və onlardan siyasi fəaliyyətdən imtina haqqında öhdəlik götürmələri tələb edilib. Tofiq Yaqublu oğlunun öldürürülməsilə təhdid edilib. İşgəncə nəticəsində Əli Kərimlinin başı partladılıb və alnına 9 tikiş qoyulub. Ümumiyyətlə, AXCP sədrinin bədənində 20-dən çox xəsarət qeydə alınıb.
İbrahim İbrahimli aksiya zamanı polis zorakılığı nəticəsində ağır xəsarət alıb. Polis tərəfindən boğulan İbrahimlinin səsi batıb, boğaz nahiyyəsindəki vətərləri qırılıb və hadisədən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq o hələ də səsini və normal danışıq qabiliyyətini bərpa edə bilmir.
AXCP fəallarına qarşı işgəncə faktları dəfələrlə müxtəlif məhkəmə proseslərində ifşa edilib. Belə ki, saxta ittihamlarla şərlənib həbs olunan AXCP üzvü Aqil Əli Məhərrəmliyin qolunu elektrik cərəyanına bağlayıb ona huşunu itirənədək işgəncə veriblər. Başqa bir AXCP fəalı Niyaməddin Əhmədovdan böhtan xarakterli “etirafedici” ifadə almaq üçün onun cinsiyyəq orqanlarına elektrik cərəyanı verib böyrəklərindən qan sızanadək dəhşətli işgəncəni davam etdiriblər.
Polis əməkdaşları Qarabağ savaşında onurğasından yaralanmış 2-ci qrup əlili, Qarabağ qazisi Babək Həsənovun yaralı onurğasının üstünə çıxaraq təpikləməklə ona dəhşətli əzablar yaşadıblar.
Müstəqil siyasi fəal, hüquq müdafiəçisi Rüfət Səfərov həbsdə olduğu müddətdə ona insan şəxsiyyətini ən nalayiq formada alçaldan fiziki və mənəvi işgəncələr verilib.
Bu günlərdə sosial şəbəkələrdə polis bölməsində vətəndaşların çılpaq şəkildə yerə uzadılaraq fiziki və mənəvi işgəncələrə məruz qoyulması, ləyaqətinin alçaldılmasını sübut edən fotoşəkillər paylaşılıb. DİN həmin şəkillərin Azərbaycanda çəkilmədiyini, şəkillərdəki vətəndaşların azərbaycan vətəndaşı olmadığını iddia etsə də, tezliklə həmin işgəncələrin verildiyi məkanı və işgəncəyə məruz qalanların şəxsiyyətini müəyyən etmək və bununla da DİN-nin yalanını ifşa etmək mümkün olub.
8 iyun 2020-ci il tarixində DİN-nin Çevik Polis Alayı Yasamal rayonunda yaşayan bir qrup vətəndaşın evinə səhər saatlarında, heç bir məhkəmə qərarı və digər hüquqi əsas olmadan hücum edərək insanları yataqdan yarımçılpaq vəziyyətdə ailə üzvlərinin və qonşularının gözü qarşısında çıxarıb və bu vəziyyətdə küçə ilə sürüyərək polis maşınına atıb. Polis strukturu bu mənəviyyatsız və qanunazidd zorakılıq əməlilə kifayətlənməyərək törətdiyi fiziki və mənəvi işgəncəni, insan ləyaqətini aşağılayan davranışlarının videogörüntüsünü sosial şəbəkələr vasitəsilə bütün ölkəyə yayıb.
Heç şübhəsiz ki, bu, yarıtmaz idarəetmədən, işsizlikdən, yoxsulluqdan, hər gün üzləşdikləri haqsızlıqdan cana qoymuş insanları qorxurmaq, vahiməyə salmaq və açıq etirazdan çəkindirmək məqsədilə edilib.
Təəssüflər olsun ki, Azərbaycan vətəndaşlarına, siyasi fəallara, vətəndaş cəmiyyətinə qarşı bu işgəncələrin qarşısının alınmasında Azərbaycan Ombudsman İnstitutu nəinki iştirak etmir, əksinə, özünün passiv fəaliyyəti və susqunluğu ilə zorakılıq törədən orqanların- DİN, DTX və Baş Prokurorluğun yanında olduğunu, onların cinayət ortağına çevrildiyini nümayiş etdirir.
Eyni sözləri haqsızlıqla üzləşən insanların yanında olmaq əvəzinə özü inzibati cəza mexanizminə çevrilən və işgəncələrin, qanunsuzluqların gizlədilməsində son dövrlər müstəsna rol oynayan Vəkillər Kollegiyası haqqında da deyə bilərik.
Böyük ümidlər bəslədiyimiz Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Ofisinin fəaliyyəti haqqında da xoş sözlər demək çətindir. Təəssüf ki, bu qurum da Azərbaycanda yer alan işgəncə faktlarına operativ və adekvat reaksiya vermir, vaxtında əzablar içində yardım uman insanların yanında ola bilmir.
Bu müraciətimizlə biz Azərbaycan xalqına, demokratik dünyaya, dünya mediasına, BMT, ATƏT, AB, Avropa Parlamenti, AŞPA və s. nüfuzlu beynəlxalq təşkilatlara səslənırık:
Azərbaycanda baş verən sistematik, davamlı, ardıcıl işgəncə faktlarına göz yummayın! İnsan ləyaqətini alçaldan davranışların, fiziki və mənəvi işgəncə praktikasının Azərbaycan hüquq-mühafizə orqanlarının siyasi fəallarla gündəlik davranış praktikasına çevrilməsinə imkan verməyin!
BMT-nin İşgəncələr əleyhinə Komitəsi, Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarı, digər əlaqədar strukturlar Azərbaycanda işgəncələrin siyasi müxalifət və tənqidçilərlə “ünsiyyət” forması kimi oturuşmasına açıq və gur səslə etiraz etməlidir! BMT və AŞPA Azərbaycanda artan işgəncələrlə bağlı xüsusi məruzəçi təyin etməlidir!
Bu reallığı nəzərə alaraq Demoktarik Qüvvələrin Milli Şurası olaraq ABŞ və Avropa Birliyini ən qısa zamanda artıq sərt diktaturaya çevrilməkdə olan repressiv Azərbaycan rejiminə qarşı geniş və hədəfyönlü sanksiyalar tətbiq etməyə çağırırıq! Əli insan qanına batan diktatorlarla əməkdaşlıq təkcə onların qanını axıtdığı, işgəncəyə məruz qoyduğu günahsız insanlara deyil, eləcə də demokratik dəyərlərə xəyanətdir!
21-ci əsrdə dünya birliyi vəhşi, zorakı və qəddar işgəncə təcrübəsinin qarşısını almağı bacarmalıdır! Əks halda bu təkcə Əliyev rejiminin ayıbı olaraq qalmayacaq, onunla normal qaydada ünsiyyətini davam etdirənlərin, diktatorun qanlı əlini sıxanların da ayıbına çevriləcək.