Bəxtiyar Hacıyev
2009-cu ildə ABŞ-da illik ağır magistratura proqramından, bir müddət maddi çətinliklərdən sonra Bakıya qayıtmışdım. Həmin ərəfədə bir tərəfdən Emin Milli və Adnan Hacızadə yenicə həba olunmuşdular, bir tərəfdən sevdiyim biri ilə sağollaşmışdım, ABŞ-da iş icazəsini gözləyirdim, bir tərəfdən də kiçik mədəniyyət şoku yaşayırdım.
ABŞ-da üzərində işlədiyimiz layihə imkan verirdi ki, bir keçmiş SSRİ ölkəsinin təhsil sistemində korrupsiya ilə bağlı araşdırma edim. Mən də ABŞ iş icazəsi çıxana qədər Bakıda işləmək istəyirdim. Ard-arda xırda gərginliklər məni boğaza yığdı, elə şəhərdəcə yaxınlaşdım bir turizm şirkətinə, dedim mənə ən qısa zamanda vizasız gedə biləcəyim ölkələrdən birinə bilet verin. Xanım bir neçə dəfə soruşdu, reyslərə baxdı, səhər Minskə reys olduğunu dedi. Sırf Bakıdan bir müddət xilas olmaq üçün heç tanımadığım, xeyli qorxduğum (Belarus haqqında dəhşətli qorxulu obraz yaradılmışdı o ərəfələr. Təxminən Şimali Koreya kimi) Minskə uçdum, ABŞ-dakı təşkilata yazdım ki, Belarus üzərində işləyəcəm.
Yol boyu düşünürdüm ki, hava limanından başlayacaqlar izləməyə, qorxaq və soyuq xalq görəcəm, bəs internetsiz öz işlərimi necə görəcəm?
Ağlımda min sualla endim Minsk hava limanına, gözəl xanımlar qarşıladılar, bir gün sonra Nemigada ev tutdum, super surət internet, geniş, yaşıl və təmiz küçələr, mehriban insanlar! Başladım yaşamağa.
Yaxınlarda yadıma düşür ki, ənənəyə sadiq qalaraq Belarusda da polis (milisə) düşmüşəmmiş. O vaxt qayda var imiş, 3 gün sonra xarici vətəndaş ya qaldığı otelə, ya da evə müvəqqəti qeydiyyata düşməli imiş. Mən bilmədiyimə görə etməmişdim, apardılar idarəyə. Düşündüm indi “əlini cibinə sal, hörmət elə” deyəcəklər. Demədilər, cərimə yazdılar, mehriban şəkildə izah etdilər, gülərüzlü insanlar yola saldılar. Haradasa “ASAN Milis” demək olardı.
Sonra tələbələrdən rüşvət, pulla qiymət yazdırmaq barədə sorğu keçirdim. Dedilər bizdə elə şey yoxdur. Məyus oldum, beynəlxalq tədbirlərdən tanıdığım müxalifyönümlü bir xanım dostumuza gileyləndim ki, sizin gənclər qorxurlar, semestr ərzində rüşvətə nə qədər xərcləri çıxması barədə danışmırlar. Xanım dedi ki, qorxmurlar, bizdə doğrudan da elə şeylər yoxdur.
Orada yaşadığım müddətdə bir neçə dəfə həkimə də müraciət etməli oldum. Həm milisdə, həm universitetlərdə, həm xəstəxanalarda, həm dövlət qurumlarında və küçələrdəki bilbordlarda bir şey diqqətimi çəkdi: “Avropanın son diktatoru” deyilən adamın bütün kabinetlərdə, bilbordlarda portreti yox idi!
Əvəzində Minski şəhər kimi, Belarusu ölkə kimi, Belarus xalqını xalq kimi mədh edən, ruhlandıran plakatlar, şüarlar vardı.
Son günlər etiraz aksiyalarından yayılan fotolardan da görürük ki, Belarusda bir çox sahədə zavod və fabriklər tam gücü ilə işləyir, hər zavodda minlərlə insan maaş alır. Belarus MDB ölkələri arasında İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı sahəsində də öndə gedənlərdəndir. Belarusda hər məmur-nazir milyonluq saat taxan övladı olan oliqarxa çevrilməmişdi.
2009-da işlədiyim təşkilat Makedoniyada təhsil sahəsində bir tədbir keçirməsəydi və o layihənin koordinatoru olmasaydım, bacardıqca çox qalacaqdım Belarusda. Çünki, qaldıqca yeni dostlar qazanır, tanış olduğum mehriban insanlar bu ölkəni mənə daha çox sevdirirdilər.
Bu günlər Belarusda baş verənləri bu emosional bağlar ilə izləməklə yanaşı, həm də bu sual ətrafında düşünürəm: “Doğrudanmı yuxarıda sadaladığım faktlarla yanaşı Belarus Avropanın son diktaturası idi?”
Əgər elə idisə də, artıq bu yerdə vakansiya yaranır. Düşünürəm ki, normal zavodları çalışmayan, hər yerdə portretlər asılan, pencəklərin döşündə imzalar gəzdirilən, nəinki milyardlıq gəlir gətirən IT sahəsi, hətta 1000 nəfər girəndə çökən dövlət saytları olan, birinci sinifdən doktoranturaya qədər hər addımda təhsildə rüşvət olan, kasıba 190 manatı qıymayıb, oliqarxlara milyardları bəxş edən və daha nə çatışmazlıqları olan sistemlə bu yerə yaxşı namizədik.
Hökumət bütün yollarla hər nə qədər “bizim xalq qorxaqdır”, “bizdə birlik yoxdur” təbliğatı aparsa da, özləri də, xalqımız da bilir ki, belə deyil. Bir gün biz də azad cəmiyyət quracağıq. Geci-tezi var sadəcə.