“Müdafiə Xətti”nin ictimai-siyasi fəallara işgəncə verilməsi, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulması təhlükəsi barədə bəyanatı
“Müdafiə Xətti” 14-15 iyuldan sonra kütləvi saxlanan şəxslərə ağır işgəncələr verilməsi, onlara ləyaqəti alçaldan rəftar edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlardan ciddi narahatlıq keçirir. Yayılan məlumatlara görə saxlanılanlarla polis idarələrində qeyri-insani rəftar edilir.
Saxlanılmış bəzi şəxslərin uzun zaman keçməsinə baxmayaraq, hələ də tam və ya qismən incommunicadoda saxlanması, müstəqil vəkillərlə görüşlərin qarşısının alınması bu narahatlıqları daha da artırır.
“Müdafiə Xətti” böyük təəccüb və narahatlıqla bəyan edir ki, uzun zamandan bəri siyasi məhbuslar Fuad Qəhrəmanlı, Asif Yusifli, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Ceyhun Novruzov və başqalarının qanunla icazə verilən kommunikasiya hüquqları pozulmaqdadır.
Bunları nəzərə alaraq “Müdafiə Xətti” işgəncələrlə bağlı hər bir fakta xüsusi həssaslıqla yanaşmağa, dərhal reaksiya verməyə çağırır.
“Müdafiə Xətti” DİN və Ədliyyə Nazirliyini işgəncələrlə bağlı şübhələri aradan qaldırmaq məqsədilə aşağıdakı addımları atmağa çağırır.
İctimaiyyətin etibar etdiyi müstəqil hüquq müdafiəçiləri, jurnalist və vəkillərdən ibarət qrupa:
- 14-15 iyuldan sonra həmin hadisələrlə bağlı saxlanmış bütün şəxslərin siyahısını, ünvanlarını, hansı saatlarda harada saxlanması barədə məlumatları təqdim etsin,
- tutulmuş həmin şəxslərin saxlandığı yerlərdə onlarla görüşmələrinə və konfidensial söhbət etmələrinə imkan yaratsın. MX inanır ki, bu addımlar işgəncə hallarını aşkar etməyə, təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə, qurbanların hüquqlarını bərpa etməyə böyük töhfə verərdi. Bu addım habelə, polisin, ədliyyə orqanlarının nüfuzunu yaxşılaşdırmağa xidmət edərdi.
- “Müdafiə Xətti”nin polis orqanlarında işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranışlar barədə bəyanatı 11 avqust 2020-ci il tarixindən başlayaraq sosial şəbəkələrdə nüfuzlu jurnalist və bloqqerlər polis kabinetlərində tutulmuş şəxslərə ləyaqəti alçaldan, qeyri-insani davranışlar göstərilməsini, işgəncələr verilməsini təsvir edən fotolar və məlumatlar yayırlar. Bu işgəncələrin Binəqədi rayonu 43-cü polis şöbəsində törədildiyi iddia edilir.
Həmin fotolarda bir çox nişanələr, o cümlədən arxa fonda Azərbaycan bayrağının və DİN gerbinin görüntüsü və başqa əlamətlər işgəncələrin Azərbaycan polis orqanlarının xidməti otaqlarında həyata keçirildiyinə dair əsaslı şübhələr doğurmuşdur.
Törədilmiş cinayət barədə fiziki şəxsin və kütləvi informasiya vasitələrinin məlumatı cinayət işinin başlanması üçün səbəb yaratsa da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi heç bir istintaq və ya araşdırma aparmadan 12 saat ərzində təkzibedici açıqlama yaymışlar.
Rəsmi bəyanatlarda iddia edilmişdir ki, qeyd olunan fotoların Azərbaycanda çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür.
Lakin ertəsi gün ayrı-ayrı bloqqer və kütləvi informasiya vasitələri həmin fotoların Azərbaycanın polis orqanlarında çəkildiyinə, işgəncə qurbanlarının azərbaycanlı olduğuna dair etibarlı informasiyalar yaymışlar. İşgəncəyə məruz qalan şəxslərin kimlikləri və yaşayış yerləri müəyyən edilmişdir.
MX polisin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək insanlarla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftarını qətiyyətlə pisləyir.
MX Baş prokurorluğu və Daxili İşlər Nazirliyini tam, hərtərəfli, obyektiv araşdırma aparıb təqsirli şəxslərin aşkar edilməsi, cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmə qarşısına çıxarılması, eləcə də işgəncəyə məruz qalmış şəxslərin pozulmuş hüquqlarının təmin edilməsi üçün dərhal addımlar atmağa çağırır.