AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun yaxınları onun beş gündür ki, aclıq aksiyası keçirdiyini deyir. Vəkili Aqil Layıc onun
aclıq etməsi barədə məlumatı dəqiqləşdirmək üçün M.İbrahimovla görüşmək istəsə də, icazə verilməyib. Bu barədə danışan vəkil bildirib ki, avqustun 13-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gedib:
“Ailəsindən mənə bildirilmişdi ki, üç gündür aclıq edir. Həm məlumatı dəqiqləşdirmək, həm sağlıq durumunu görmək istəyirdim. Məqsədim həm də ondan aclığı dayandırmasını xahiş etmək idi. Dedilər ki, olmaz…”
Ombudsman Aparatı da təsdiqləyib ki, M.İbrahimov bu qurumun əməkdaşlarına aclıq aksiyasına başlayacağını deyib:
“Mehdi İbrahimov onun barəsində aparılan istintaqın gedişindən narazılığını əsas gətirərək, yemək qəbulundan imtina edəcəyini bildirib”.
Polis bölməsində 5 gün saxlanmasından şikayət verilib
Avqustun 13-də Xətai rayon Məhkəməsində də M.İbrahimovun işinə baxılıb. Amma özünü məhkəməyə gətirməyiblər. Yaxınlarının verdiyi məlumata görə, M.İbrahimovun vəkili onun beş gün ərzində Xətai rayonu, 37-ci polis bölməsində qanunsuz saxlanmasından şikayət verib. Şikayətdə göstərilib ki,
M.İbrahimov iyulun 15-də səhər saat 5 radələrində orduya dəstək yürüşündən
qayıdarkən saxlanılıb və 37-ci polis bölməsinə gətirilib. O, günlərlə bölmədəki kamerada 100-dən artıq saxlanılan şəxslə birlikdə olub. İyulun 19-da onu Baş Prokurorluğun İstintaq İdarəsində orduya dəstək yürüşü ilə bağlı cinayət işi üzrə şahid qismində dindiriblər. Bir gün sonra isə onun haqqında koronavirusa yoluxduğu halda, küçəyə çıxıb, başqalarının həyatına təhlükə yaratma ilə bağlı cinayət işi başlanıb. İş materiallarında da onun iyulun 20-də Nobel prospektində maskasız, SMS-icazəsi olmadığına görə saxlandığı, test nəticəsində virus daşıyıcısı olmasının müəyyənləşdiyi iddia olunub:
“Şikayətdə göstərilib ki, beş gün ağır şəraitdə bölmədə yüzdən artıq adamla birlikdə qanunsuz saxlanılıb. Əgər onda virus varsa belə, həmin müddətdə yoluxub. Hətta şübhə var ki, qəsdən yoluxdurulub, sonradan bu ittihamı versinlər. Məhkəməyə şikayətdə beş gün bölmədə saxlanmanın qanunsuz sayılmasıyla yanaşı, onun qəsdən COVİD-19 infeksiyasına yoluxdurulmasıyla bağlı araşdırma aparılması məsələsi də qoyulub”.
Kamera görüntüləri məhkəməyə təqdim olunmalıdır
Ailə üzvlərinin bildirdiyinə görə, məhkəmədə vəkil iyulun 15-dən 20-nə qədər 37-ci polis bölməsindən kamera görüntülərinin alınması haqda vəsatət qaldırıb. Hakim Fərid Yaqubov vəsatəti təmin edib. Avqustun 27-nə təyin edilmiş növbəti məhkəmə iclasına qədər kamera görüntüləri məhkəməyə təqdim olunmalıdır.
M.İbrahimov İdman Akademiyasını bitirib. Futbol məşqçisidir. İspaniyada Madridin “Real” klubunda kurs keçib, UEFA-a ona lisenziya verib.
O, CM-in 139-1 maddəsi ilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda suçlanır. İddia olunur ki, o, iyulun 20-də axşam saat 21:00 radələrində karantin rejimi qaydalarını pozduğuna görə saxlanılıb. Polis bölməsinə gətirilib test aparılandan sonra onda COVID-19 infeksiyası aşkarlanıb.
Ailə üzvləri isə bildirir ki, M.İbrahimov iyulun 15-nə keçən gecə orduya dəstək yürüşündən qayıdanda saxlanılıb. Bir gün sonra bölmədə onun Məmməd İbrahimin oğlu olduğunu biləndə buraxmayıblar. O, atasının siyasi fəaliyyətinə görə cəzalandırılıb.
M.İbrahimovdan sonra atası da həbs edilib. O, iyulun 15-də keçirilən orduya dəstək yürüşünə görə dövlət çevrilişinə cəhddə suçlanır.
Azadlıq radiosu