Bu gün Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar Imanov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkilin verdiyi şikayətə baxılıb.
Bəxtiyar Imanovun məhkəmə iclasında özünün də iştirakı təmin edilib. Bəxtiyar Imanov məhkəmədə 14 iyul gecəsi evdə olduğunu, heç kimdən hər hansı tapşırıq almadığını və heç kimə də göstəriş vermədiyini bildirib. Vəkil onun hər hansı bir cinayətdə iştirak etmədiyini, ziyalı olmasını, ailəsində azyaşlı uşaqları olmasını bildirməklə onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə şikayəti təmin etməyib.
Həbs olunandan bu günə ilk dəfə olaraq vəkillə Bəxtiyar Imanovun konfidensial görüşünə şərait yaradılıb. AXCP fəalı saxlanma şəraitindən narazı olmadığını, eləcə də fiziki işgəncəyə məruz qalmadığını bildirib.
Bəxtiyar İmanov 14 iyul yürüşündə iştirak etməsə də, 16 iyul tarixində evindən aparılıb və barəsində 3 maddə ilə cinayət işi açılıb. Həbsindən sonra onun evində axtarış da aparılıb.
Azadliq.info