Ilham Hüseyn
Həbslər davam edir. Yəqin ki, növbə hamımıza çatacaq. Əlbəttə, biz həbsi də, ölümü də gözə almışıq. Bu illər ərzində cəbhəçilərə nə qədər şər-böhtan atdılar, həbs etdilər, işdən çıxardılar, işgəncə verdilər və s.
Amma bütün çətinliklərə baxmayaraq, bugünə qədər diri gəldik. Təbii ki, hökumət bunu həzm edə bilmədi və Qarabağ yürüşündən məhvetmə vasitəsi kimi istifadə etmək qərarına gəldi. Amma əminliklə demək olar ki, bugünə qədər olan şərləmələrin ən rüsvayçısı indi başverənlərdi. Yayılan materiallardan da aydın görünür ki, yürüşdə iştirak etmiş cəbhəçilər təxribatların qarşısın alır, adamları aqressiv olmamağa səsləyir. Tutulanların bir hissəsi isə ümumiyyətlə yürüşdə iştirak etməyib. AXCP-nin belə bir planı olsaydı, yüzlərlə cəbhəçi yürüşdə olardı. Amma hökuməti bu maraqlandırmır və hüquqa, insani dəyərlərə tüpürərək, yürüş günü evində olanları da təxribatçı kimi “oformut” edirlər. Diqqət etsək görərik ki, yürüşdə iştirak etməyən cəbhəçilərə daha ağır cəza verilib. Bir neçə adamdan təzyiq və işgəncə altında ifadə alıblar. Onsuz da bu qondarma cinayət işinə heç kim inanmır. Hamı əmindir ki, cəbhəçiləri kütləvi şəkildə şərləyirlər.
Bizim günahımız həqiqəti dilə gətirməyimiz, ədaləti güzəştə getməməyimiz, imitasiyadan qaçmağımız, dövləti və xalqı təmənnasız sevməyimizdir.
İnanın ki, korrupsioner, yaltaq, saxtakar, dövləti satan, xalqa xəyanət edən olsaydıq, bizə qarşı bu qədər aqressiv olmazdılar.
Biz nə istəyiriksə, xalqın maraqları üçün, dövlətin güclü olması üçün istəyirik.
Bizi ona görə cəzalandırırlar ki, bu hökumətin düşüncəsinə görə vicdanlı olmaq, xalqı təmsil etmək, oğurluğa şərik olmamaq, zülmü alqışlamamaq günahdı. Bəli, bizim günahımız hökumətin “müqəddəs” dəyərləri qarşısında təzim etməməyimizdir.