AXCP sədri Əli Kərimli
- Bu ölkədə Qarabağ hayqıran vətənpərvər insanlara divan tutulmasından ən çox itirən Azərbaycanın milli maraqlarıdır;
- Bu ölkədə real müxalifətçiliyi bitirib, olkəni Türkmənistanlaşdırmağın ən çox zərər çəkəni Azərbaycanın özüdür;
- Heç bir cinayət törətməmiş, hətta bəhanə kimi istifadə olunan Qarabağ mitinqində belə iştirak etməmiş AXCP funksionerlərini kütləvi həbs etməklə ölkəni dünyanın gündəminə yenidən repressiya və siyasi həbslərlə gətirmək Azərbaycana vurulan zərbədir;
- Dövlətilə, diasporu ilə bütövləşmiş, Tovuz döyüşlərindən sonra mövqeyi də, ritorikası da sərtləşmiş Ermənistanın qarşısına başı daxildə düşmən axtarışlarına qarışmış, milli birlik fürsətini əldən vermiş Azərbaycan çıxarmaq ona arxadan vurulan zərbədir.
Hansı tərəfdən baxırsan bax, AXCP-yə, Qarabağsevər insanlara qarşı aparılan repressiya birbaşa milli maraqlarımıza ziddir. Hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirir. Vicdanlı insanların ölkənin sabahı ilə bağlı narahatlığını daha da artırır. Azərbaycanı işğalçı dövlət qarşısında zəif duruma salır. Bu səhv durdurulmalıdır.
14 iyul mitinqindən artıq iki həftə keçib. Hökumət bu müddətdə həbs etdiyi cəbhəçilərin hansısa zorakılıq və təxribatda iştirakını sübut edən bircə dənə də foto və video görüntü ortaya qoya bilmədi. Çünki belə şey olmayıb. Onların günahsızlığını sübut edən faktlar isə ortadadır. Bu iş üzrə həbs edilmiş AXCP Rəyasət Heyəti üzvlərindən 4 nəfər ümumiyyətlə həmin aksiyada iştirak etməyib. Rəyasət Heyətinin həmin aksiyada olmuş yeganə üzvü, Qarabağ qazisi Asif Yusifli isə elə aksiya zamanı canlı yayımda etdiyi çıxışı ilə birmənalı şəkildə hökumətin ittihamlarını yerdən yerə vurub – hər hansı təxribatdan əvvəl bəyan edib ki, onun və onunla birlikdə olanların bu aksiyada Qarabağdan başqa tələbi və məqsədi yoxdur.
Zərərin harasından qayıtsan, qazancdır deyiblər. Qarabağ mitinqini bəhanə edib, AXCP funksionerlərini, digər Qarabağsevərləri kütləvi şəkildə həbs etmək milli maraqlar baxımından səhvdir, zərərdir, yarıdan da olsa, qayıtmaq lazımdır. Bir halda ki, xalqı aldada bilmədiniz, həbs edilənlərin günahsızlığını, başladılan cinayət işinin saxta, qurama olduğunu, ittihamların fiaskoya uğradığını indi hamı bilir. Dayandırın bu absurd repressiyanı! AXCP funksionerlərini, Qarabağsevərləri azad edin! Vətənə daha bir pislik etməyin!
P.S AXCP sədri Əli Kərimli yazını admin heyətinin vasitəsilə paylaşıb