Qənimət Zahid
Hər kəs bilməlidir! Bu, İlham Əliyevlə Əli Kərimli, hökumətlə AXCP davası deyil. Bu, Azərbaycanın qürur davasıdır. Bu gün baş vermiş bir dəhşətli fakt həmin qürur davasında azərbaycanlıların haraya qədər yenildiyinin əyani göstəricisidir. Jurnalist Əmrah Fəqanoğlunun ölüm xəbərini hakimiyyətin nəzarətində olan saytlardan bir göstərişlə yığışdırmaq bəlli bir mərhələnin sonudur. Bu xəbəri yığışdırmayan saytların sayı qədərdir Azərbaycanın məğlubiyyət əmsalı və bu xəbəri silən saytlarının sayı qədər də deyə bilərsiz.
İlham Əliyev üçün qürurlu azərbaycanlı ən arzuolunmaz sosial elementdir. O, bu psixoloji dəyərlə bir dəfəlik bitirmək istəyir. Xalq Cəbhəsi nə ilə mane olur ? Razılaşmamaq hüququnu bildirməklə. Gizli narazılıq çoxlarında ola bilər. Hətta İlham Əliyevin təhqir etdiyi, bəzən əl qardırdığı nazirlər də, başqa vəzifəli şəxslər də gizli narazılardır. Amma açıq narazılığın, ifadə edilən narazılığın ictimai və fərdi qürur göstəricisi olduğunu İlham Əliyev də yaxşı anlayır, indi cəbhəçilər üzərində linç məhkəmələri, məhkəməsiz- filansız inzibati vəhşiliyi həyata keçirənlər də yaxşı bilirlər. Daha bir mərhələ sonra köləliyi salamat qalmağın yeganə vasitəsi kimi qəbul edən bir cəmiyyət gözümüzün qarşısında, qulaqlarımızın dibində «cilvələnəcək».
Şişirdirəmmi ? Əlbəttə, yox və qətiyyən şişirtmirəm. 20 il, 15 il, 10 il bundan əvvəl də Azərbaycanda avtoritar rejim vardı, amma azadlıqlarla dinc yanaşı yaşamağı özünə sığışdırmağa məcbur olan bir rejim idi. Get- gedə bu tolerantlıq əridi, balacalaşdı, azadlıqları xırdaladı, indi adi gözlə görünə bilməyəcək həddə qədər balacalaşdırdı.
İndi Əliyevin Xalq Cəbhəsi üzərində hikkəli hücumu da eksperiment filan deyil, ərköyünlük də deyil. Məqsədyönlü şəkildə Azərbaycanı caynaqlayıb- xışmalayıb cəmiyyəti tamamilə ram etmək üçün illərdir aparılan antibəşəri siyasətin davamıdır. Bu yerdə avtoritarizmin təntənəsi durdurulmalıdır, yoxsa, Azərbaycan cəmiyyətini gerçək bir fəlakət gözləyir…
Bu gün «mən cəbhəçiyəm, hamımız cəbhəçiyik!» deyənlərin sayı nə qədər azdırsa, müqavimət əmsalı da o qədər balacadır. «Balacadır» sözü əldə qalan imkanların təhrif və təhqir edilmiş ölçüsünü çox dəqiq ifadə etdiyinə görə bu sözü istifadə edirəm. Amma bu repressiyaların qarşısında «hamımız cəbhəçiyik » deyənlərin- yazanların sayı nə qədər çox olacaqsa, cəmiyyətin ayağına və dilinə vurulan buxovların da o qədər çürük olduğunu görəcəksiz. Sınaqdan keçirin!