Elnur Sadıqov
Əliyevlərin 27 – illik hakimiyyətləri Qarabağ problemini nəinki həll etmədi, əksinə, onun itirilməsi riskini yaratmış oldu. Ötən hər il Azərbaycanı Qarabağdan daha da uzaqlaşdırırdı. O səviyyədə ki, Ermənistanın müdafiə naziri ictimaiyyət qarşısında Qarabağdan kənarda – Tovuzda yeni ərazilərin işğalına göstəriş verdiyini bildirmişdi.
Görünür Azərbaycan hakimiyyətindən fərqli olaraq Türkiyə bu təhlükənin artıq ciddiləşdiyini anlayıb fəal müdaxilə qərarı verib. İlham Əliyev Nazirlər Kabinetinin son toplantısındakı çıxışında “hələlik vaxtın yetişmədiyini” deyib hərbi əməliyyatların davam etdirilməsinin lazım olmadığını vurğulamışdı. Elə bu səbəbdən də o, arxa cəbhədə AXCP – yə hücum əmri verib.
Qarşıdakı günlərdə Türkiyəylə birgə Azərbaycanda keçiriləcək hərbi təlimlər şübhə yoxdur ki, Türkiyə tərəfinin israrıyla baş tutur. İlham Əliyevə qalsa hələ də “ geosiyasi vəziyyət yetişməyib “. Əminliklə demək olar ki, yeni şərtlər Qarabağ problemini Azərbaycan və Ermənistan hakimiyyətlərinin istismarından çıxarır.
İndiki mərhələdə Azərbaycan hakimiyyəti Rusiyanın qorxusundan Türkiyənin Qafqaza ekspaniyasını dayandırsa belə, Rusiya “dondurulmuş münaqişələr” strategiyasından imtina haqqında düşünməyə məcbur olacaq. Rusiya anlayacaq ki, “dondurulmuş münaqişələr”in donunu açmağa üçüncü dövlətlərin təşəbbüs göstərəcəyi təqdirdə pat vəziyyətinə düşə bilər. Bir sözlə, indiki mərhələdə Türkiyənin dərinə getməsə belə Qafqazda “ boy göstərməsi ” Rusiyanın Qarabağ münaqişəsinin həllinə yanaşmasında dəyişiklik edəcək.