
Hüquq müdafiəçisi Rüfət Səfərov
“Hüquq”, “qanun”, “norma”, “müdafiə”, “ədalət” və bu kimi anlayışlar hakimiyyətin “repressiya torpağına” quylanıb.
Sosial-iqtisadi tənəzzül, artan işsizlik, pandemik xəstəlik, yoluxmalar, ölümlər, aclıq, səfalət azlıq edirmiş kimi dərinləşən repressiya ilə azərbaycanlıların milli heysiyyət və iradəsini tamam-kamal dəfn etmək istəyir 51 illik oğru üsul-idarə.
Hakimiyyətin bu və ya digər qoluna heç bir iddia etmədən, siyasi ambisiya irəli sürmədən, firqəçiliyi önə çəkmədən torpağı, vətəni, şəhidi üçün gecənin bir vədəsində şəhərin küçə, prospekt, meydanlarına yürüyən, ordunun və dövlətin yanında olduqlarını uca səslə hayqıran adamlara apaçıq divan tutulmaqdadır.
O gündən bu günə vətənpərvərlər- bayrağı, dövləti, torpağıçün canını belə fəda verməyə hazır olanlar hər gün həbs edilir. Azadlığın, ədalətin, haqqın, vicdanın, bərbərliyin antoniminə şövqlə qucaq açanlar, ümumiyyətlə, bir şeyin, adamın üstünlüyünü təşkil edən nə qədər xüsusiyyətlər varsa, onların antipodu olanlar- mütləqiyyətçilər və iticaçılar yeganə “təqsirləri” “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarını səsləndirmək və Bakını küçəbəküçə dolanmaq olan adamları linç edirlər.
100-lərlə vətəndaş təqib altındadır. 30-dan çox fəal, xüsusilə, cəbhəçilər cinayət təqibinə məruz qalıb. Onları, hətta ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 10-larla təqsirsiz inzibati məsuliyyətə cəlb olunub: ən yaxşı halda cərimə ilə canlarını qurtarıblarsa, ən pis halda inzibati həbsə layiq biliniblər.
Hüquqsuzluğu mühafizə edən orqanların nümayəndələri heç bir məhkəmə qərarı olmadan mülkiyyət və mənzil toxunulmazılığını, azadlıq və təhlükəsiz yaşamaq hüququnu pozurlar, evlərə və avtomobillərə basqın edirlər, söyürlər, döyürlər, işgəncəyə məruz qoyurlar, ləyaqətləri alçaldırlar, qeyri-insani rəftara məruz qoyurlar.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan, cinayətin edilməsində təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirilmədən adamlar “cinayətkar” elan edilir. Ədalət mühakiməsinin mühüm şərti olan təqsirsizlik prezumpsiyası tapdanılır. Özü də birbaşa dövlətin zirvəsi tərəfindən! Baxmayaraq ki, bu dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat veməlidir…
Təsəvvür edin, dostlar, 2 həftədir ki, 30-dan çox ictimai-siyasi fəalın taleyindən bir xəbər yoxdur, harada, necə saxlanılmasını bilmirik, ailə üzvləri və müdafiəçiləri ilə əlaqə mümkün deyildir, barələrində məhkəmə prosesləri baş tutsa da iştirakları təmin edilmir.
Acı xəbərlər gəlir ki, günahsızlar gecə-gündüz işgəncə aparatlarında inləyirlər.
Əllər və ayaqlar “şkonka” dirəklərinə bağlanılır, saatlarla belə vəziyyətdə saxlanılırlar.
Ayaqlarından asılırlar.
Dırnaqlar çıxarılır.
Barmaqlar qapı arasına qoyulur.
Bədənlərə elektrik cərəyanı verilir.
Lakin hələ ki, davranışları manyakların təxəyyülü ilə qiyaslanan sadist rütbəlilər təşkilatın və liderin əleyhinə “dişə vurulası” ifadələri ortaya qoya bilmirlər.
Bir məqamı qətiyyən unutmayaq: cəsur adamlar fərdi deyil, ictimai məqsədlərdən ötrü bu gün repressiya məngənəsində sıxılıb iztirab çəkirlər.
Odur ki, laqeyd qalmayaq, hökumətin sərgilədiyi aşırı şiddətin qarşısında günahsızları tənha qoymayaq, fasiləsiz surtədə yazaq, danışaq, nitq irad edək və inanaq ki, belə etməsək, günün birində növbə bizə çatacaq.
Əmin olaq ki, qorxmazlarn sınmamaları, məhv olmamaları özlərindən daha çox bizdən asılıdır…