Milli Şuranın sədri Cəmil Həsənli
Ərazisi işğal olunmuş məmləkətin hakimiyyəti, Əliyevin ailə-klan güruhu ölkənin müdafiə xərclərin oğurlayanda, Rusiya ilə silah alverindən “otkat” qatlayanda qulaqların aşağı sallayanlar indi Sevinc Osmanqızına buynuz atırlar. Ən dəhşətlisi də odur ki, bütün bunlar dövlətçiliyin qorunması, dövlətçilik təəssübkeşliyi dalğasında edilir. Hətta bəziləri özünü “təmizə” çıxarmaq üçün yekə-yekə Əliyevin kleptokratik hakimiyyəti ilə dövlətçilik arasında sədd qoymağı məsləhət bilir, başqa birisi milli məsələdə “prinsipiallığı” ilə seçilməyə cəhd göstərir. Əl-qərəz İlham Əliyevin ailə-klan, korrupsioner, kleptokratik oğru rejimi bütün gücü, gizli və açıq agentura şəbəkəsi, əl quzusuna döndərdiyi “jurnalist” ordusu ilə öz peşəsinə namusla xidmət edən, ölkənin dərdini öz şəxsi dərdi kimi qəbul edən, erməni işğalının faciəsini öz şəxsi həyatında yaşan və bütün varlığı ilə xalqa və millətə bağlı olan Sevinc Osmanqızının üzərinə gəlir.
Az-çox mətbuat tarixinə bələdəm. Mətbuatımızın banisi möhtərəm Həsən bəy Zərdabi də düz sözü deyəndə, bu milləti ayıltmaq istəyəndə onu daşa basırdılar, ağzını yummağa çalışırdılar. Bir sıra “millət xadimləri” o daş atanları indiki dillə desək “layk” edirdilər. O daş atanlar, onları “layk” edənlər vaxtı ilə Çarlıq Rusiyasının qapı qulları olduğu kimi, indikilər Əliyev xanədanının qul-qaravaşıdır. Sevinc xanım tək Qarabağ səmasında şəhid olub külü vətən torpağına hopmuş Osman Mirzəyevin qızı deyil, həm də peşə etibarı ilə Həsən bəy Zərdabinin nəvəsidir və ona atılan daşlar da elə o vaxt Zərdabiyə atılan daşlardır ki, bir əsr yarımlıq məsafədən yenə düz sözə atılır, yenə milləti ayıltmaq istəyənlərə atılır. Əliyev rejiminin yüz ilin ölüsünə çevirdiyi və “diriliyi” yalnız ailənin korrupsiya süfrəsinin qırım-qırtığındanı qapmaqdan ibarət olan rejim “mətbuatının” bir sürü təmsilçisinin vətənşüvənlik həşiri, “qaç oğlan qaç at basdı millət gəlir, döyüşdən çıxmış bir cəmaət gəlir” tonunda “millət şərqisi” Qarabağdan çox uzaq məsələlərdir.
Xanımlar və cənablar! Nədir dövlətçilik? Bəlkə “dövlətçilik” məmləkəti bir ailənin sağmal inəyinə çevirib onu keçi qiymətinə satmaqdır. Bəlkə “dövlətçilik” bir tikə çörək dalınca cəlayi-vətən olmuş minlərlə insanı aylarla Rusiya sərhədində saxlayıb rus “OMON”una döydürməkdir? Sevinc Osmanqızı o rəzalətdən canlı reportajlar verəndə niyə o dövlətçilik yadınıza düşmürdü? Əcaba, bəlkə ərazisi işğal altında olan ölkənin müdafiə xərclərini oğurlamaqdır və ya ərazisi işğal altında olan hakim ailənin dünyanın bütün ekzotik adalarına səpələnmiş ofşor hesablar, Dubay mülkləri, London malikanələri, Azərbaycan Landramartıdır dövlətçilik? Sevinc Osmanqızı vətənimizi çökürdən bu bəlalardan saatlarca, günlərcə, həftələrcə, aylarca, illərcə danışanda bu gün DTX-nın dirijor çubuğu ilə “millət şərqisi” oxuyanların, özünü lezvalayanların, korrpsiya dağarcığı olan natəmiz hakimiyyətin tapşırığı ilə “qeyrət damarından” qan fışqıranların səsi niyə çıxmırdı?
Rəşid Hacılı bəy bu gün çox haqlı olaraq qeyd edir ki, “Qorxu və Yal. İrticaçı rejimlərin ən güclü silahıdır. Xalqı məhvə aparan silah”.