AXCP sədri Əli Kərimli
AXCP Rəyasət Heyətinin 14 iyul Qarabağ mitinqində heç iştirak belə etməmiş üzvü Fuad Qəhrəmanlının bu mitinq bəhanəsilə həbs edilməsi, üstəlik hakimiyyəti zorla ələ keçirmək kimi ağır cinayətdə ittiham edilməsi hətta Azərbaycan standartları ilə də qeyri-adidir, sağlam düşüncəyə ziddir, absurdun dibidir. Qarabağ mitinqinə görə hazırda həbsdə olan 23 nəfər, o cümlədən cinayət ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş 13 nəfər AXCP fəalının hamısına qarşı irəli sürülən ittihamlar saxtadır, siyasi sifarişdir. Təsəvvür edin ki, AXCP RH-nin barəcində cinayət işi qaldırılmış 4 üzvündən üçü hec parlamentin qarşısındakı aksiyada iştirak belə etməyib. AXCP RH-in həmin aksiyada iştirak edən yeganə üzvü Asif Yusifli isə elə oradaca canlı yayımda aksiyanın məqsədini və şəxsən özünün orada olma səbəbini o qədər gözəl ifadə edib ki, onu dinləyən istənilən azərbaycanlı bu cəsur Qarabağ qazisini həbs etmək yox, onun qürur duymaq haqqında fikirləşər. Tam məsuliyyətlə bəyan edirəm ki, Qarabağ mitinqi zamanı AXCP üzvləri nəinki cinayət əməli, inzibati xəta, hətta siyasi səhv kimi qiymətləndiriləcək əməllərə belə yol verməyiblər.
AXCP üzvlərinin kütləvi həbsi kinin, qisasçılığın, siyasi sifarişin nəticəsidir. AXCP fəallarından xalqın sözünü deməklərinin, xalqın sosial-siyasi hüquqlarını müdafiə etməklərinin, hüququ pozulan hər bir soydaşımıza arxa durmaqlarının, xalqımızın azadlığa, ədalətə və rifaha qovuşması uğrunda apardıqları prinsipial mübarizənin qisasını alırlar. Əksəriyyətinizin bu həqiqətləri bildiyinə şubhə etmirəm.
Bu günlərdə cəbhəçilər növbəti dəfə sınağa çəkilirlər. Ancaq tək cəbhəçilər yox, bütövlükdə toplum sınağa çəkilir. Sadə vətəndaş kimi də, sosial şəbəkə fəalı kimi də, ziyalı, ictimai-siyasi xadim, müxalifətçi kimi də hər birimiz sınağa çəkilirik. Yeganə “cinayəti”vətənpərvərli, Qarabağsevərlik olan soydaşlarımızı bu sər maşınından qoruya biləcəyikmi? Bu dəhşətli haqsızlıqlara hamılıqla etiraz etməyə daxili gücümüz çatacaqmı? Konkret olaraq tariximizin indiki anında ölkəmizin Türkmənistanlaşdırılmasına hamılıqla etiraz edə bilirikmi? Mən cəbhədaşlarımın da, xalqımızın da bu növbəti sınaqdan da üzüağ çıxacağına inanıram. Əlbəttə, bu günlər də keçəcək. Nahaqdan həbs edilmiş bütün Qarabağsevərlərə azadlıq tələb edirik.
Yazı səhifənin adminləri vasitəsilə paylaşılıb.