Şahvələd Çobanoğlu
İllər öncənin söhbətidir. Axşam evə gələndə Barış mənə deyir: “Dədə, ev telefonumuz neçə gündür bağlıdır, niyə açdırmırsan?”.
- Açdıraram, amma şəhər telefonu nəyinə lazımdır? – soruşuram.
- Mənə lazım deyil, amma Günaydın əmi bizə zəng edə bilmir yəqin ki.
Günaydın əmi Yaşar Türkazər idi.
Yaşar bəy mənə çox zəng edərdi, hamı bilir ki, onun salamlaşması Günaydın olurdu. Tez-tez telefonu götürüb bu kəlməni eşidən Barış da ona Günaydın əmi adı qoymuşdu.
Onun zəngləri çox olurdu, bəzən bir sözün tarixçəsi ilə bağlı bir araşdırma aparar, onu mənə danışmaq istəyirdi. Özünə deyəndə ki, Yaşar bəy, sənə elə gəlmirmi ki, çox zəng edirsən (münasibətimiz bu qədər rahat idi), deyirdi: “Sən bunları bilməlisən”. Yaşar 3 gün məni tapmayanda, evdəkiləri danlayırdı ki, mənə yaxşı baxmırlar deyə, ev gec-gec gəlirəm.
Bəzən balaca uşaq kimi davranırdı, amma dərin intellekti və sarsılmaz əqidəsi ilə böyük hörmətimi daşıyırdı.
Günlərin birində klinikada iynə vurdurdum, halım birdən pisləşdi. Həkim və tibb bacısı qorxmuşdu. Huşumu itirməkdəydim, gözümə kəndimiz və atam görünürdü. Telefonuma zəng gəldi və elə bil ayıldım. Baxdım, Yaşar zəng edir. Güc tapıb telefonun mikrafonunu açdım. - Günaydın, bəy, mən yenə xəstəxanadayam, amma tabe olmuram ölümə, mübarizə aparıram, – dedi.
Yaşar idi. Tibb bacısının üzündə qəribə təbəssüm vardı. “Kimdirsə, çox yaxşı adamdır” dedi. Həkim isə tanıdı onu.
İndi Yaşar zəng etmir…
Bəlkə də kifayət qədər dinləyə bilmədim onu, amma ona həmişə dəyər verdim. Həmişə sayğı göstərdim. Layiq olduğu böyüklüyünü saxladım.
Dəyər sahibi idi Yaşar bəy!