Bizə ədalət lazımdır

Azərbaycanı gücləndirəcək, onu xilas edəcək ədalət

Şahvələd Çobanoğlu


Ermənistanın təcavüzünə ən yaxşı cavab, onların düşmənçiliyinə ən birinci qarşılıq ölkəmizin içindən, bizim düşüncəmizdən başlamalıdır. Azərbaycana hər şeydən öncə onu gücləndirən ədalət lazımdır.

  • Azərbaycanın iqtisadi və hərbi gücünün artması üçün də;
  • Beynəlxalq mövqeyinin üstün olması üçün də;
  • Cəmiyyətin özgüvəni və sarsılmazlığı üçün də…
    Bizə ədalət lazımdır. Bizə hüquqlar və haqlar lazımdır.
    Dünya səhnəsinə zəngin, inkişaf etmiş, demokratik, nümunə bir Azərbaycan çıxara bilmədik. Bu, dünyadan öncə bizə lazım idi. Hər mənada güclü olmağımız üçün də, insan kimi yaşamağımız üçün də, rifahımız üçün də. Bu, Ermənistanın və havadarı Rusiyanın təcavüzünə cavabdan başqa, özümüzə də lazımdır.
    İndi bizi təxribata çəkirlərmi? Bəli. Bütün bu illər ərzində Ermənistan toplumu sivil qonşuluğa doğru heç bir addım atmadı, dəyişmədi. İstisna adamlar var. Amma toplum olaraq Rusiyanın maraqları üçün də oyuncaq olmağa razı olmuş bir cəmiyyət var orada. Son baş verənlər (hətta Avropa və Amerika da) böyük ehtimalla üçüncü tərəfin təxribatı da ola bilər, amma təəssüf ki, onlar özləri də buna gedəcək durumdadırlar. Hələ münaqişədən öncə – sovet dövründə ermənilərin dəstə ilə az sayda azərbaycanlıya hücum etməsini özüm görmüşəm və hətta belə bir hücuma da məruz qalmışam (məhz azərbaycanlı və türk olduğum üçün). Bunu nifrət aşılamaq üçün yazmıram, buna təəssüf edir və ən başlıcası, özümüzün bu hala yuvarlanmamağımız üçün yazıram.
    Bizə asan deyil, itkilərimiz və bu cür münasibət qəlbimizi parçalayır. Amma bir də ermənilərin düşdüyü nifrət xəstəliyinə yuvarlanmaq dərdi lazım deyil. Heç kim demir ki, bizim güclü ordumuz, hücuma cavabımız olmasın. Heç kim demir ki, onların elədikləri cavabsız qalmalıdır. Amma biz cavab olaraq bir ermənini tutub döyəcək addımlar atmalı deyilik. Cavablarımız sivil, ağıllı, insanlığa, qanunlara, dəyərlərə sayğılı olmalı, bizi içdən və çöldən gücləndirməlidir, bizi işğal olmuş torpaqlarımıza yaxınlaşdırmalıdır. Və bizə həmişə insan olaraq qalmağa imkan verməlidir.
    Bəzən sizin emosiyalarınıza uyğun olmayan fikirləri oxuyanda qəzəblənib, müəllifi qorxaq, satqın, milli maraqları qəbul etməyən, hərbi təcavüzkara xoş yanaşam adam kimi qəbul etməyin. Biz bütün bunları ölkənin maraqları naminə deyirik. Bəzən bilərək ki, bizə hər cür ittihamlar da ola bilər. Ən azı düşünün, çək-çevir edin, xeyir-ziyan, doğru-yanlış tərəzisi qurun.
    Qayıdaq ermənilərə. Onların nifrətinin özlərinə vurduğu nəticəyə. Quru çörəyə möhtacdırlar və bunun üçün dünyanın hər yanına səpələniblər. Qarabağı alıblar guya, hər şeyi itiriblər. İnqilab edirlər, yenə Rusiyanın ovcundadırlar. Anlayan üçün faciədir.
    Bizim də dərdlərimiz az deyil. Amma biz doğru addımlar atmalı, sağlam düşünməliyik hər zaman. Sağlam siyasi sistemimiz və ədalətin hakim olduğu cəmiyyət olsaq, elə güclü toplum olarıq ki, Rusiyanın da ağzı sulanmaz, təcavüzkarın da ağzı yanar. İnanın ki, çəkinərlər, çox çəkinərlər. Azərbaycan güclü, azad bir ölkə, güclü və azad dünyanın bir hissəsi olardı.
    Azərbaycana hər şeydən öncə onu gücləndirəcək, onu xilas edəcək ədalət lazımdır.