Milli Şuranın sədri Cəmil Həsənli
Bakıdan aldığımız məlumatlara görə dünən ABŞ-ın Los-Angeles şəhərində erməni və azərbaycanlı icmaları arasında baş vermiş toqquşma ilə əlaqədar Amerikanın Azərbaycandakı səfiri Örl Litzenberqer Xarici İşlər Nazirliyinə dəvət edilib. Səbəb Azərbaycan diplomatik orqanlarının və Əliyevin lobbi dərvişlərinin 3 min nəfər gözü qızmış etirazçı erməninin qarşısına 50 nəfər qurbanlııq azərbaycanlının çıxarılması və bu ağılsızlıq nəticəsində azərbaycanlı nümayişçilərin ermənilər tərəfindən vəhşicəsinə döyülərək şil-küt edilməsi göstərilib. Şübhəsiz ki, səfiri Örl Litzenberqer də deyib ki, Amerika hüququn və qanunun işlədiyi dövlətdir, azğınlıq edən ermənilər saxlanılıb və onlar barəsində qanun çərçivəsində tədbir görüləcək.
Amma Amerika səfiri soruşa bilər ki, xub, Los Angeles vəhşəti məlum, bəs siz niyə Qarabağ deyib haykıran, ordunuza və dövlətinizə dəstək olan cəbhəçiləri saxta ittihamlarla, Milli Məclisin tutulması kimi gülünc şou dalğasında həbs edib onları “bandotdeldə” şil-küt edirsiniz, adamların bədəninə elektrik cərəyanı verib özlərinə və Xalq Cəbhəsi rəhbərliyinə qarşı saxta ifadələr alırsınız? Bu insanları elə vəziyyətə salırsınız ki, hətta işgəncə aparatınızın bir hissəsi olan Kürdəxanı müvəqqəti saxlama məntəqəsi belə onları qəbul etməkdən çəkinir.
Bir anlığa Los Angeles zərərdidələri ilə “Bandotellin” cəbhəçi zərərdilərini müqayisə edin, Ayaz Məhərrəmli, Ramid Nağıyevə, Telman Seyfullayev, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Baba Süleyman, Mehdi İbrahimov və digər cəbhə fəallarının başına gətirilənlərlə, Los Angeles küçələrində təpiklənən azərbaycanlıların vəziyyətini müqayisə edin. Hansı daha ağırdır, hansı daha dəhşətlidir? Orada azğın ermənilər öz əməllərini şillə, təpik, yumruqla həyata keçirirlər, “Bandoteldə” İlham Əliyevin insan qəssabları isə ixtisaslaşdırılmış işgəncə laboratoriyasında insanların üzərində işgəncə metotlarını sınaqdan keçirir, insan bədəninə “dozalı” elektrik cərəyanı buraxırlar. Hətta dünyanın ən nadir bioloji laboratoriyalarında tədqiqata cəlb edilmiş heyvanların bədəninə elektrik cərəyanı buraxmaq üçün rəsmi orqanlardan icazə alınır ki, məsuliyyət tədqiqatçı alimlərin üzərində qalmasın. Yəni Azərbaycan vətəndaşları kleptokratik Əliyev rejimi üçün bu qədər ucuzlaşıb, bu qədər dəyərsizləşib?
Bir də İlham Əliyev bəlağətlə “qələbəmizdən” dəm vurur, onun Tovuz “qələbəsinə” pəl vuranlara divan tutur, orduya dəstək verən, şəhid döyüşçülərimizin şokun yaşayan vətəndaşlarımızı “Bandotdeldən” keçirir, öz çıxışında “biz qələbəmizi qeyd edərkən” ifadəsi işlədir. Nədən ibarətdir bu qələbə? Bax buna aydınlıq gətirmir. Qarabağ döyüşləri yarixində ilk dəfə olaraq generalımızın düşmən gülləsinə tuş gəlməsi, 11 yüksək rütbəli zabitimizin, toplan 12 vətəndaşımızın heç bir nəticəsi olmayan sərhəd atışmasında şəhid olmasıdır “qələbə”? Biz Tovuzda hansı mövqelərdə idik, 12 şəhid verəndən sonra hansı mövqelərdəyik? Niyə işğal altında olan ərazilərdən bir qarış belə torpaq azad olunmayan mənasız və nəticəsiz, axıra qədər düşünülməmiş bir “əməliyyatda” Azərbaycan ordusu bu qədər yüksək rütbəli zabitlərini itirməlidir. Əgər İlham Əliyev diqqəti fəlakət həddinə gətirdiyi daxili vəziyyətdən yayındırmaq istəyirsə, bunu yüksək rütbəli hərbçilərin həyatı bahasına etməməlidir, belə çirkin niyyətlərdən çəkinməlidir. Təəssüflər olsun ki, Tovuz avantürası 2016-cı ilin aprel döyüşlərindən sonra çoxlu döyüşçülərimizin həyatı hesabına cəbhədə qazanılmış psixoloji üstünlüyün belə əldən verilməsinə gətirib çıxarmışdır. Təəssüf ki, diqqəti daxili vəziyyətdən yayındıran “qələbənin” acınacaqlı nəticəsi və gerçək mahiyyəti bundan ibarətdir.