
Milli Şuranın sədri Cəmil Həsənli
Son günlər Azərbaycanda baş verənlər əlbəttə ki, yeni deyil, müxtəlif diktatura üsullarında uzun müddət sınaqdan keçirilmiş bir ssenaridir, bütün zamanların və xalqların müstəbidləri tərəfindən sevilən bir ssenaridir. Ötən əsrin 30-cu illərində Almaniyada nasistlər (Hitler), Sovet İttifaqında kommunistlər (Stalin) öz əleyhdarlarına qarşı belə natəmiz əməllərdən “uğurla” yararlanıblar.
İlham Əliyev bu sıralamada nə birincidir, nə də sonuncu. Ondan daha öncə İraqda Səddam Hüseyn, Misirdə Mübarək, Liviyada Kaddafi, Zimbabvedə Mugabe, Şimali Koreyada Kim nəsli, Suriyada ata-oğul Əsədlər belə murdar əməllərlə tarixə düşüblər. Son əməlləri ilə İlham Əliyev də bu sıralamaya potensial iddiaçıdır. Dünyanın 5 kleptokratik diktatorları ilə birlikdə onun portreti ötən ildən Atlanta İnsan Haqları Muzeyində sərgilənib.
Ata-oğul Əliyevlər dövründə cəbhəçilər həmişə təqib olunublar. Əliyevlərlə cəbhəçilər arasında olan savaş Fironla Həzrəti Musa arasındakı savaşa dönüb. Fironun bütün zülmünə baxmayaraq qələbə Həzrəti Musa ilə oldu. Firon suda boğulduğu kimi İlham Əliyevin də öz natəmiz əməllərinin qan gölündə boğulacağı labüddür. Pandemiyanın verdiyi imkandan o, öz əleyhdarlarını susdurmağa, vətən üçün canını verməyə hazır olan fədakar adamları “Bandotdelin” qanlı işgəncə labaratoriyalarından keçirməyə, ssenariləşdirilmiş Miili Məclisin “tutulması” əməliyyatı uydurmaqla saxta dövlət çevrilişi ittihamı ilə ölkənin aparıcı müxalifət partiyası kimi Xalq Cəbhəsini bitirməyə qərar vermişdir. Çünki önün ailə hakimiyyətinin durumu əvvəlki kimi möhkəm deyildir. Azərbaycan Reyxstaıqının (Reichstagsge) məhz indi tutulması və hətta “cəbhəçilərin” 3-cü mərtəbəyə qədər “gedib çıxması” da bilavasitə bu zərurətdən irəli gəlmişdir.
Bu gün Milli Şuranın üzvü Fuad Qəhrəmanlını da aparıblar. Fuad bəy və daha əvvəl saxlanılan bir sıra cəbhə funksionerləri ümumiyyətlə nə 14 iyul yürüş-mitinqində, nə də Reyxstaqın “yandırılmasında” iştirak etməyiblər. Bu özü də Xalq Cəbhəsinə qarşı irəli sürülən dövlət çevrilişi ittihamının “Nardaran hadisələrinin”, Gülən uydurmasının, Gözəl xanım və Əfqan Muxtarının “para qaçaqmalçılığının”, Saleh Rüstəmlinin “çirkli pulları yumaq” yolu ilə dövlət çevrilişi etmək kimi sərsəm iddiaların bilavasitə davamıdır. Fərq yalnız ondadır ki, dövlət adından belə sərsəm iddiaları müdafiə etməkdə Qaralovun qara üzü sırtılmışdı. “Azərbaycan Reyxstaqının” tutulması isə təzə baş prokuror Kamran Əliyevin ilk karyera prezentasiyasıdır.
Son günlər millətimiz böyük təhlükə ilə üzləşib. Onun fədakar gənclərini ölkə daxilində İlham Əliyev, ölkə xaricində isə erməni quldur dəstələri məhv edirlər. Mahiyyət etibarı ilə ikisinin xisləti eynidir. Los Angeles və Brüsseldə baş verən erməni vəhşilikləri ilə eyni gündə məlumat aldıq ki, AXCP Rəyasət Heyyətinin üzvü Ayaz Məhərrəmli və partiya Təşkilat Komitəsinin üzvü Ramid Nağıyevə “Bandotdeldə” elə amansız işgəncə veriblər ki, aldıqları xəsarətin ağırlığına görə Kürdəxanı təcridxanası onları qəbul etməkdən imtina edib.
Əgər cəbhəçilər “Milli Məclisi tutub” dövlət çevrilişi etmək istəyiblərsə bunun video materialları ortada olmalıdır. İndi XXI əsrdir və Məclis də yüksək dövlət obyekti olduğu üçün başdan-başa kameralaşdırılıb. Hələ mən DTX və DİN-nin xüsusi çəkilişlərini demirəm. Heç olmasa bircə dənə video materialda bircə cəbhəçini ortaya qoymaq lazımdır ki, bu adam Parlamentin tutulması yox, həmin axşam ümumiyyətlə Məclisin foyesində olub. Tofiq Yaqublunun üzünə ucdantutma polis işçilərin qoyduqları kimi, yəqin burada da əsas şahid qismində təxribatı törətmiş DTX və DİN “əməkdaşlarının” şahid ifadələrinə istinad edəcəklər. Yeri gəlmişkən 1935-ci ildə Reyxstaqın yandırılması işi ona görə dağıldı ki, şahidlər ucdantutma olaraq hamısı nasist diktaturasının əsas dayağı olan “Hücumçu dəstələrin” (SA), “Müdafiə dəstələrinin” (SS) və “Təhlükəsizlik xidmətinin” (SD) təxribatı törədən xidmətçiləri idi.