Elnur Sadıqov
Bugünlərdə Xalq Cəbhəsinin üzvlərinə və onların yaxınlarına qarşı hər saatbaşı cinayət təqibləri başladılır. Artıq cəmiyyət üçün sanki bir alışqanlıq yaranıb. Cəmiyyət həbslərin cəbhəçilər üçün adi bir şey olduğunu qəbullanıb. Repressiyalar qarşısında cəbhəçilərin qətiyyətlə dayanacağına cəmiyyətdə əminlik var.
Nəinki könüllülük əsasında yaranmış bir təşkilat, hətta böyük resurslarla təchiz olunmuş bir sıra dövlətlər belə bu miqyaslı təzyiqlərin qarşısında duruş gətirə bilməzdi, mövqelərindən geri çəkilərdilər yaxud təslim olardılar. Amma Xalq Cəbhəsi bir təşkilat olaraq Əliyev istibdadının qarşısında əyilməzlik göstərir. Bu cəbhəçilərin qəhrəmanlığıdır.
1990 – cı ildə Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı. Bu gün İlham Əliyevin idealına çevrilmiş Mütəllibov rejiminin nümayəndələri onu Bakıda necə sıxdılarsa duruş gətirə bilmədi, gedib Naxçıvanda cəbhəçilərə sığındı.
Azərbaycan xalqı müdrik xalqdır. Kimin nəyə qadir olduğunu bilir və dəstəyini də buna uyğun ifadə edir. Xalqın dəstəyi isə Xalq Cəbhəsinədir. Belə olmasa İham Əliyev bircə dəfə olsun belə cəsarət edib azad və ədalətli seçkilərə gedərdi.