AND hərəkatının Azərbaycanda yeni repressiyalarla bağlı etiraz bəyanatı
Azərbaycanda müharibə və hərbi vətənpərvərlik adıyla başlayan ictimai eyforiya hakimiyyətin siyasi maraqlarına uyğunlaşdırılaraq qırıldı. Ölkə hakimiyyəti ictimai vətənpərvərlik duyğularını insanlarda vətəndaşlıq hisslərinin güclənməsi üçün təhlükə sayaraq bu prosesi yarıda qırdı, həm də 14 iyul gecə aksiyalarının gedişində təxribat törədərək qırdı. İndi artıq heç kimdə şübhə yoxdur ki, 14 iyul gecəsi Azərbaycan parlamentinin binası ətrafında baş verənlər dövlətin xüsusi xidmət orqanlarının məqsədyönlü şəkildə tərtib etdiyi təxribat idi və hakimiyyət bu təxribatı törətməklə İlham Əliyevin elan etdiyi siyasi repressiyalar üçün zəmin hazırlayıb.
Tovuz ərazisində Ermənistan silahlı qüvvələri ilə Azərbaycan ordusu arasında baş verən intensiv döyüş əməliyyatları səngiyəndən dərhal sonra keçirdiyi müşavirədə Azərbaycan prezidenti ölkədə aparıcı siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsinə qarşı repressiyalara başlamaq üçün hüquq mühafizə orqanlarına açıq göstəriş verdi və öz fikrini belə qüvvətləndirdi ki, payıza qədər bu məsələ bitməlidir. Yəni, ölkə prezidenti belə hesab edir ki, payıza qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı davamlı repressiyalar yolu ilə bu siyasi təşkilatı dağıdıb başa çatdırmaq niyyətindədir. Əslində, bu, yalnız sözü gedən partiyaya qarşı deyil, bütün cəmiyyətə qarşı hesablanmış məkrli bir plandır. Hər hansı siyasi birliyi, ictimai təşkilatı qanunları vecinə almadan, şəxsi istəyinə görə ləğv etmək üçün dövlətin gücündən, inzibati imkanlarından istifadə etmək niyyəti qəddar bir presedentin həyata keçirilməsi deməkdir. İlham Əliyevin bu kinli açıqlaması və bu açıqlamada ifadə edilən niyyətləri yalnız AXCP-yə qarşı deyil, davam edəcəyi şübhəsiz olan bir ssenarinin başlanğıcıdır. Əgər Xalq Cəbhəsini sıradan çıxarmaq mümkündürsə, o halda, Azərbaycan cəmiyyətinin bütün ictimai- siyasi təşəbbüslərinə qarşı belə bir divan niyə tutulmasın ki?!
AND hərəkatı İlham Əliyevin Xalq Cəbhəsi Partiyasına qarşı repressiya planlarını Azərbaycan xalqının təməl hüquqlarına və azadlıqlarına qəsd kimi qiymətləndirir ;
AND belə hesab edir ki, cəmiyyətin bütün təbəqələri, söz demək haqqı özündə olan bütün müstəqil düşüncəli insanları bu inzibati özbaşınalığa qarşı etiraz etməlidir ;
AND hərəkatı bu repressiya dalğasında şərlənərək həbs edilən insanların dərhal azadf edilməsini tələb edir;
AND hakimiyyətin Azərbaycan xalqına qarşı bu saymazyana, qanunsuz münasibətini qətiyyətlə pisləyir, Azərbaycanda klassik diktatura modelinin yaradılmasına qarşı ictimai təşəbbüslərin daha əzmlə və daha sıx birləşməsini zəruri sayır;
AND bu siyasi repressiyaların dayandırılması tələbi ilə Avropa ölkələrindəki Azərbaycan səfirlikləri qarşısında davamlı etiraz aksiyalarının keçirilməsini planlaşdırır və bütün siyasi mühacirləri bu müzakirələrə dəvət edir.