Hakimiyyət üçün Qarabağ prinsipial məsələ deyil

Ilham Hüseyn

Rusiyanın Ermənistana maddi, hərbi, siyasi dəstəyi hamıya məlumdu. İllərdi işğalçı dövlət Rusiyanın dəstəyi sayəsində ayaqda qalır. Üstəlik, Rusiya həmsədr ölkələrdən biridi və guya Qarabağ məsələsinin ədalətli həllinə töhfə verəcək dövlətdi. Eyni zamanda bizim “uzaqgörənlər” Rusiyadan “Dostluq” ordeni almağa davam edir və “böyük qardaş”a sədaqətli olacaqlarını hər fürsətdə təsdiqləyirlər. Digər həmsədr ölkələri isə fürsət düşdükcə ikilistandartlarda, qərəzli yanaşmada, erməni lobbisinə dəstək verməkdə qınayırlar. Yəni, illərdi Ermənistana açıq dəstəyin ifadə edən Rusiyanın qarşısında təzim edib, Avropaya, ABŞ-a qarşı əks-təbliğat aparırlar.
Göründüyü kimi bunların Qarabağ siyasəti ziddiyyətlərlə doludur. Bu reallıqda hansı sülh danışığından, hansı diplomatiyadan söhbət gedə bilər. Bizim hökumət “düşmənimin düşməni mənim dostumdu” taktikasını, “düşmənimin dostu mənim lap yaxın dostumdu” taktikasıyla əvəzləyib. Qarabağın qara bağı ona görə düyünlü qalıb ki, uzun illər aparılan siyasət bu düyünü daha da sıxmağa xidmət edib. XİN-in bəyanatların, rejim sözçülərinin tutuquşu kimi düşməndən şikayətlənməyin görəndə utanırıq.
Bir daha təkrar edirəm ki, düşməni himayə edənin qarşısında boyun büküb, düşməni məğlub etmək olmaz. Birinci, himayədar sənin qətiyyətini, milli mənliyini, qürurunu, barışmazlığını görməlidir. İkinci, həmin himayədar qanmalıdır ki, işğalçıya dəstək olmaq, ikitərəfli münasibətləri zədələyir. Azərbaycan hökuməti 27 illik itaətin qarşılığında 27 qarış torpaq azad etməyibsə, bu “Dostluq” ordenləri nəyə lazımdı? Hansı müttəfiqlikdən söhbət gedir?
Deməli, Rusiya da arxayındır ki, Azərbaycan hakimiyyəti üçün Qarabağ məsələsi prinsipial əhəmiyyət daşımır. İşğal altında olan ərazilərə investisiya yatıran düşmən də arxayındır ki, işğala məruz qalan tərəfin hökuməti “sözəbaxan”dı.
Nəticədə isə atəşin kəsilmədiyi atəşkəsdə əsgərlərimiz şəhid olur, cırtdan düşmən bizimlə div kimi rəftar edir. Qarabağ danışıqlarını aparan nazirlikdə isə əməliyyat keçirilir və etiraf edilir ki, bu nazirlikdə korrupsiya danışıqları aparılırmış. Kasıb daxmalarından şəhid tabutu, məmur villalarından dollar paçkaları çıxır.
Amma həqiqi müharibədə, xalqın seçdiyi hökumətin rəhbərlik etdiyi müharibədə daxma və villalar birləşir, ümumi həmrəylik olur və düşmən lərzəyə düşür.
Bəli, 80 faiz əraziyə ağ gün gətirmədən, 20 faiz ərazidəki qara düyünü çözmək müşkül məsələdi.