Bəxtiyar Hacıyev
2020 2016-cı il deyil. Yaxud xalqını və dövlətini sevməyən hakimiyyət müharibə edə bilərmi?
Adətən daxildə vətəndaşlarının dəstəyini ciddi şəkildə itirən, daxili ciddi problemlər içində boğulan dövlətlər xarici düşmən tapır, yaxud mövcud xarici düşmənlə döyüşərək, xalqı “bayraq ətrafında birləşdir” prinsipi ilə öz ətrafında birləşdirməyə çalışır.
Azərbaycanda da, Ermənistanda da iqtisadi və sosial narazılıqlar getdikcə artır, COVID-19 ilə mübarizədə hər iki ölkə rəhbərliyi ciddi problemlərlə üzləşiblər, öz reytinqlərinin aşağı düşdüyünü anlayırlar.
Belə bir vaxtda “döyüşürük, düşməni yerinə otuzdurduq, ura! Vətən sağ olsun” təbliğatı etmək, tənqidçiləri susdurmaq üçün “müharibə edirik, siz düşmən tərəfdənsiniz, susun, xəyanətkarlar” deyib, susdurmaq xeyli asan olur.
Təəssüf ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün aparılmış hərbi əməliyyat yox, daxildəki problemlərdən diqqət yayındırıb, reytinq qazanma oyunu oldu. O zaman bir çoxları, o cümlədən mən də inanmaq istəmişdik və inanmışdıq ki, prezident işğal altında olan torpaqları azad etməklə adını tarixə yazmaq istəyir.
Ancaq sonradan Rusiyadan gələn bir zənglə o qədər şəhid və yaralıların olmasına baxmayaraq, döyüş dərhal dayandırıldı. Lələtəpə, Cocuq Mərcanlı AzTV və REAL TV-lərin ekranından düşmədi, saxta deputatlar ağızları köpüklənə-köpüklənə bundan danışdılar, yaralılara dövlət qayğısını gözə soxdular, ancaq olan kasıb ailələrə oldu. Sevdikləri ata və qardaşları, oğulları hakimiyyətin reytinq oyununun qurbanı oldu. Allah o zaman da, bu gün də şəhid olanlara, bütün şəhidlərimizə rəhmət eləsin.
Generallar isə dəniz kənarında zəbt etdikləri hektarlarla bağ evlərində buta dizaynlı hovuzlarının kənarlarında əllərində viski və Kuba siqarı ilə gözəl məşuqələrinin rəqsinə tamaşa etməyə davam etdilər.
İndi 2020-ci ildir. İnsanlar da, cəmiyyət də daha ayıqdır. İndi hakimiyyətin 2016-cı ildəki kimi insanları müharibə oyunu ilə aldadıb, diqqəti daxildəki boğaza qədər yığılmış problemlərdən yayındırmaq şansları dəfələrlə azdır. İndi insanlar yalnız hakimiyyətin sona qədər, əsl müharibə edəcəyi halda onları dəstəkləyə bilərlər, o inamı isə yaratmaq çətindir, 2016-da verilən ictimai dəstəyi hakimiyyət Rusiyadan gələn bir zənglə döyüşləri bitirməklə birdəfəlik itirdi.
İnsanlar anlayırlar ki, öz dövlətini və xalqını sevməyən hakimiyyət Rusiyadan gələn zənglərə baxmayaraq, müharibə edib, torpaqları azad etməz.
Öz xalqını və dövlətini sevən isə xalqdan və dövlətdən milyardlar oğurlamaz. Nöqtə.