AXCP RH üzvü Fuad Qəhrəmanlı
Ölkə total böhran içərisindədir. Gündən-günə dərinləşən prosesin özəlliyi ondadlr ki, hakimiyyət özü də idarə etmə böhranına məruz qalıb və özgüvəni sarsılıb. Daha uğurdan danışan yoxdur. Bir tərəfdən COVİD-19 la bağlı mübarizə işini təşkil edə bilməmək, karantin rejiminin yaratdığı kütləvi stress, iqtisadiyyatın çökməsi və işsizliyin sosial bəlaya çevrilməsi, hökumətin gündən- günə kəskinləşən sosial öhdəlikləri yerinə yetirə bilməməsi, digər tərəfdən də hakimiyyətin əlində ümid vəd edən iqtisadi resursların yoxluğu.
Bəs nə olacaq?
Aydındır ki, idarə oluna bilməyən böhran, ilk növbədə onu yaradan səbəbi sıradan çıxarır. İndiki halda isə bu səbəb rolunda hakimiyyətin iflic olmuş idarəçiliyi, korrupsiyalaşması və bütün sahələrdə uğursuz siyasəti çıxış edir.
Təbi ki, belə bir vəziyyət cəmiyyətdə gələcəyə yönəlik çarə axtarışlarını da gücləndirməkdədir. Dəyişikliklər hansı yolla gözlənilə bilər. Bu məsələdə nəzərlər ilk növvbədə müxalif düşərgənin fəaliyyətinə yönəlir.
Bu gün müxalifətin aparıcı qüvvəsi olan AXCP və Milli Şura dəyişikliklərə kütəvi siyasi fəallığı artırmaqla, cəmiyyətin dinc təzyiqi ilə hakimiyyəti ya real islahatlara , ya da ki, istefaya vadar etməklə nail olmağı hədəfləyir.
Ancaq bu prosesi xalqın iştirakı olmadan təsəvvür edənlər də var. Bu cür düşünənlər rejimin qurucusu olan Heydər Əliyevlə mənəvi birlik mesajları verib, İlham Əliyevə qarşı müxalif olmaqla, hakimiyyyəti daxildən demontaj etməyin mümkünlüyünə inanırlar. İlk baxışdan cəlb edici görünə bilər, ancaq bu layihənin uğursuzluğu Rəsul Quliyevin nümunəsində artıq çoxdan görünüb. Əvvəla, hakimiyyət öz içərisinə elə tip insanları alır ki, onlar iqtidarda olduğu müddətdə elə bir mənəvi aşınmaya məruz qalırlar ki, belə insanların dəstəyinə ümid bağlamaq korun iynə saplamağ kimi bir şeydir. Digər tərəfdən də, bu iqtidarda mühüm postlarda olub kənarlaşmış şəxslər, hakimiyyətdə olarkən, korrupsiya cinayətinə bulaşdlqları üçün, indi qəzəbə gəlməkdən və həbsə düşməkdən qorxurlar. Ona görə də onlar üçün başlıca qayğı, bir hissəsini təhvil verdikdən sonra, əllərində qalan biznes imkanlarını və şəxsi təhlükəsizliklərini qorumaq qayğsıdır. Ona görə də belə bir kontingetə “stavka” etmək, onların dəstəyinə ümid bağlamaq siyasi mifdir.
Bəzən belə fikirlər də yayılır ki, əgər hakimiyyəti əldə saxlamaq mümkün olmazssa, onda onu AXCP-dənsə, başqa – ortaq keçmişi olan, mənəvi baxımdan daha yaxın qüvvələrə ötürmək variantı gündəmə gələ bilər. Bu da real və praqmatik yanaşma deyil. Çünki, hakimiyyəti o zaman əldə saxlamaq mümkün olmur ki, xalq ayaq üstə meydanlarda olur. Bu zaman isə qərarı meydandakı xalq və onun etimad göstərdiyi siyasi qüvvə verəcək. Bu cür xalq etirazlarının yüksəldiyi və xalqın öz syasi favoritinə etimadının açıq aşkar nümayiş olunduğu situasiyalarda, kimsə bağlı qapılar arxasında hakimiyyəti talisman kimi ələ götürə bilməz.
Ona görə də pandemiyadan sonrakı dövrə münasibətdə əsas hədəf, xalqın iştirakı ilə demokratik açılım, dəyişikliklər uğrunda mübarizə prosesi başlatmaq olmalıdır. Bu işə töhvə vermək üçün isə, bu rejimlə konfiqurasiya modelləri axtarmaq yox, gerçəkdən xalqla bir olub ona üz tutmaq gərəkdir.