Rəsulzadəyə görə həbs edilən fəalın vəkilindən açıqlama
Əsabəli Mustafayev
Hüquqlarını müdafiə etdiyim Cavid Məmmədzadə barədə DİN sözcüsü tərəfindən dünən yayımlanmış açıqlama ilə bir qədər gec olsa da tanış oldum. Hesab edirəm ki, bu açıqlama Məmmədzadə barədə hüquqi təqibin təmin olunmasına və ən əsası ona qarşı içtimai qınaq formalaşmasına yönəldiyindən mən onun vəkili olaraq açıqlamadakı bəzi məqamlara cavab verməyə borcluyam. Çünki həbsdə olan Məmmədzadə bu imkana malik deyildir.İlk növbədə diqqətə çatdırıram ki, bu açıqlama biz Sumqayıt şəhər məhkəməsində iclasın başlanmasını gözləyərkən yayımlanmışdır. Bu açıqlamada Məmmədzadəyə qarşı hüquqi təqib üçün göstərilən əsaslar sonradan məhkəmə qərarında əks olunmuşdur.Bu o deməkdir həmin açıqlama ilə Məmmədzadəyə münasibətdə təqsirsizlik prezumpsiyası pozulmuş, məhkəmə qərarının qəbulunda DİN-nin açıqladığı mövqeyinin təsiri olunmuşdur. İbtidai və məhkəmə araşdırması ərəfəsində hüquq-mühafizə orqanlarının yaydıqları belə açıqlamaların təqsirsizlik prezumpsiyasının pozuntusu olması barədə Avropa Məhkəməsinin ölkəmizə qarşı artıq bir neçə qərarı vardır. Buna baxmayaraq həmin pozuntuları törətmiş səlahiyyətli şəxslərin heç biri indiyə qədər məsuliyyətə cəlb olunmamışdır. Bu səbəbdən həmin qanunazidd təcrübə indi də davam edir. Bu açıqlamanın Məmmədzadəyə münasibətdə təqsirsizlik prezumpsiyasının pozuntusu qismində tanınması üçün hüquqi müstəvidə səylər göstərəcəyik.Mən burada işin hüquqi aspektlərinə toxunmayacağam, çünki qarşıda apellyasiya instansiyasında proses olacaq. DİN sözcüsündən fərqli olaraq mən məhkəməyə təsir kimi qiymətləndirilə biləcək addımlar atmaq istəyindən uzağam.Mən ancaq işin mənəvi dəyəri ilə bağlı açıqlamada qeyd olunan məqama toxunmaq istəyirəm.Məmmədzadə bu məqamı məhkəmədəki çıxışında qeyd etmişdir.Heç bir siyasi mənsubiyyəti və fəaliyyəti olmayan siravi vətəndaş qismində Məmmədzadə qoruyucu maskanının üzərinə M.Ə.Rəsulzadənin şəklini yapışdıraraq bu tarixi şəxsiyyəti təbliğ etmək niyyətində olmuşdur.O hesab etmişdir ki, buna zərurət var. Məmmədzadə bu maskadan tibbi deyil, təbliğat vasitəsi kimi istifadə etmişdir.Daha sonra o, bu maskanı ya suvenir kimi saxlayacaq, ya da şəkli qopardaraq ondan ayrı formada yenidə təbliğat vasitəsi kimi istifadə edəcəkdir. Ancaq bir məsələni əminliklə qeyd etmək olar ki, o, heç vaxt maskanı şəkil ilə birlikdə zibil yeşiyinə atmaz. Bu işdə vəkillik fəaliyyətimlə bağlı bir məqamı xüsusilə qeyd etmək istəyirəm.Mən 25 iyun tarixində gecə radələrində artıq vəkil qismində Sumqayıt 1-ci polis bölməsinə zəng edərək Məmmədzadənin orada saxlanıb saxlanmaması ilə maraqlandım. Növbətçi polis əməkdaşı Məmmədzadənin orada saxlanmasını təsdiq etdi və bildirdi ki, səhər saat 9-da Sumqayıt şəhər məhkəməsinə aparılacaq.Mən həmən vaxtı məhkəyə gəldim. Postakı polis əməkdaşı bildirdi ki. məhkəmədə heç kim yoxdur və kiminsə işə gələcəyi barədə xəbərsizdir. Mən oradan 1-ci polis bölməsinə getdim. Bir qədər gözləyəndən sonra bölmənin rəisi, polis polkovnik-leytnatı Azər müəllim məni qəbul etdi. Mən bir neçə ay əvvəl onun məhkəmədə şahid qismində dindirilməsində suallarım ilə iştirak etmişəm (əminəm ki, bu dindirmədən “gözəl” xatirələr yaşayır).Həmin prosesdən sonra ilk dəfə idi görüşürdük və söhbətimiz qarşılıqlı hörmət əsasında getdi (o zaman mənə elə gəldi).Azər müəllim bildirdi ki, mənim gəlməyim barədə şəhər polis idarəsinin rəisi ilə danışıb və rəis Məmmədzadə ilə görüşmək istəyini bildirib. Görüş 2,5 saat sonra, yəni saat 12-də baş tutacaq, bu görüşdən işin aqibəti (məhkəməyə göndərilib göndərilməməsi) məlum olacaqdır.Azər müəllim öz danışıq tərzi ilə bildirmək istəyirdi ki, iş məhkəməyə göndərməməklə də yekunlaşa bilər. Vəkillik təcrübəm səlahiyyət sahiblərinin belə davranışına çox da etibar etməmək hissi formalaşdırmışdır.Buna görə Azər müəllimdən iş məhkəməyə göndərildiyi halda mənim xəbərdar edilməyimi israrla xahiş etdim. O, mənim mobil telefonumun nömrəsini soruşaraq “vızov” atdı ki, onun da nömrəsi məndə olsun və görüşdən dərhal sonra mənimlə əlaqə saxlayacağına söz verdi.Mən Məmmədzadə ilə görüşmək istəyimə Azər müəllim bunun rəislə görüşdən sonra mümkün olacağını bildirdi.Mən müştərimin mənafeni əsas tutaraq məsələni qəlizləşdirmək istəmədim və bölmədən çıxaraq ofisə getdim. Təqribən 1 saat keçdikdən sonra, yəni saat 11-də Məmmədzadənin yaxınları mənə zəng edərək onun artıq məhkəməyə gətirildiyini bildirdilər.Əvvəl istədim Azər müəllimə zəng edərək məni aldatmasına, tutulmuş şəxsin müdafiə hüququnun pozuntusa səy göstərməsinə etiraz edim. Lakin sonradan fikrəşdim ki, uzun illər polisdə qulluq edərək bu rütbə və vəzifəyə çatmış şəxs əgər zabit sözünün çəkisini bilmirsə, belə aldatma fənləri ilə zabit nüfuzuna, ümumilikdə polisin nüfuzuna zərər vurmasını başa düşməyibsə, mənim 2-3 dəqiqəlik danışığım onda heç nəyi dəyişməyəcək. Ona görə tələm-tələsik məhkəməyə getməklə kifayətləndim.Mən bir vətəndaş olaraq hüquq-mühafizə qurumlarının, onların əməkdaşlarının, o cümlədən polislərin əhali arasında böyük nüfuza sahib olmalarını, əhalinin güclü inam və etibarını qazanmağlarını arzulayıram. Çünki onlar dövləti təmsil edirlər. Ancaq yaddan çıxartmaq olmaz ki, bu nüfuz və etibar konkret şəxslərin konkret davranışları əsasında qazanılır.İndiki çətin dövürdə davranışlara diqqət yetirlməsinə xüsusilə ehtiyac vardır.