Ilham Hüseyn
Doğurdan da, zaman ən ədalətli hakimdi. AXCP-yə, Milli Şuraya nə qədər adlar yapışdırmağa çalışdılar. “Rusiya proyekti”, “Qərb proyekti”, “İran proyekti”, “erməni lobbisinin proyekti” və s.
Bəli, zaman göstərdi ki, AXCP, Milli Şura iliyinə qədər Azərbaycan proyektidi. Hətta Milli Şuranın, AXCP-nin qapalı iclaslarından onlarla epizod yaydılar və göründü ki, bu qurum ancaq Azərbaycandan danışır, rejimə qarşı nala-mıxa vurmadan mübarizə aparır. Amma təkcə bu deyil. Diqqət etsək görərik ki, xalqın maraqlarından çıxış edən, hökuməti xalqa sahib çıxmağa çağıran qüvvə də Milli Şuradı. Ötən müddət ərzində onlarla virtual aksiya həyata keçirildi. Bu qədər repressiyalarla üz-üzə qalsa da, AXCP-nin əsas şüarı vətəndaşlara maddi yardım edilməsi, vətəndaşa sahib çıxılması oldu. Heç vaxt özümüzə görə heç nə istəmədik. “Uşaqpulu verilsin”, “Şəhidlərin qan pulu verilsin”, “Kommunal xərclərdə güzəşt olunsun”, “Kredit borcları silinsin”, “Tibbi sığorta tətbiq edilsin” və digər tələblərlə silahlandıq ki, bu tələblərin də canında xalq dayanır.
Cəbrayıldakı körpü rüsvayçılığına, Paşinyanın Şuşa sərgüzəştinə, soydaşlarımıza Dağıstanda zülm olunmasına, Yasamalda başverən hüquqsuzluğa qarşı bəyanatla çıxış etdik, günlərlə müxtəlif platformalarda təbliğat apardıq. Bunları etmək borcumuzdu və heç kimə minnət qoymuruq. Sadəcə olaraq hamını xatırlamağa dəvət edirik ki, bizim fəaliyyətimizin ana xəttin hamı müəyyən edə bilsin. Biz xalqın haqqın tələb etdiyimizə görə bir tərəfdən rejimin repressiya maşını, digər tərəfdən adını müxalifət qoyanlar üstümüzə gəldi. Bu gün də hər iki cinahdan hücumlar davam edir, xalqın sözün deyənləri ləkələməyə çalışırlar.
Biz imitasiyadan, yalançı dialoqdan, şəxsi komfortdan imtina etmişik. Xalqın maraqların şimala, cənuba, şərqə, qərbə güzəştə getməmişik. Xalqın təmsilçisi olmağa qərar vermişik. Ona görə də həbsdə onlarla cəbhədaşımız var, ona görə də işsizik, ona görə də söyülürük, ona görə də profillərimiz oğurlanır, telekanallarda haqqımızda hədyanlar yağdırılır.
Hamı özünə sual etməlidir. Niyə məhz bu qüvvəni hədəf seçiblər? Niyə məhz bu qüvvəni düşmən adlandırırlar? Niyə prinsiplərinə xəyanət edənlər məhz bu qüvvəyə hürür?
Cavab çox sadədir. Çünki, bu qüvvə xalqın proyektidi. Bu qüvvənin xəmiri xalqdan yoğrulub. Bu qüvvə xalqın dilində danışır. Bu qüvvə üçün hökumətin yox, xalqın rəğbətin qazanmaq önəmlidir. Və bu qüvvə xalqa güvənir.
Bizim yeganə “cinayətimiz” dövləti və xalqı təmənnasız sevməyimizdir. Bu illər ərzində başqa cinayətimiz sübuta yetirilməyib, heç bir qanunsuz əməlimiz təsdiqin tapmayıb və bütün məhrumiyyətlərə baxmayaraq bu missiyanı davam etdirəcəyik. Bir dəfə verilmiş ömür payın xalqa və dövlətə həsr etməkdən qürur duyuruq. Ən bahalı maşın, ən dəbdəbəli villa, ən böyük holdinq, ən yüksək vəzifə xalqın xidmətçisi olmaqdı. Biz özümüzü hamıdan varlı və xoşbəxt sayırıq.