Ilham Hüseyn
27 il hakimiyyətdə olasan, 27 qarış torpağı işğaldan azad edə bilməyəsən və 1 illik hakimiyyəti yamanlamağı “əbədi arqument”ə çevirəsən. Ey bədbəxtlər, AXC hakimiyyətinin pis olması, sizin korrupsioner, saxtakar, anti-milli, oğru olmağınıza haqq qazandırır?
AXC hakimiyyəti rus qoşunların ölkədən çıxarmışdı, siz isə Rusiyanın tələbiylə aprel döyüşlərin dayandırdız. Kimdir qorxaq?
AXC hakimiyyəti müəllimləri kommunal xərclərdən azad etmişdi, siz müəllimləri seçki saxtakarına çevirdiz. Kimdir anti-milli?
AXC hakimiyyəti dövründə adambaşına düşən xarici borc 8 dollar idi, indi adambaşına düşən xarici borc 1000 manatı ötüb. Kimdir yarıtmaz?
Xalq Cəbhəsi 5000-dən artıq şəhid verib, YAP hökumətində təmsil olunanların övladları isə hərbi xidmətdən yayınıb, Avropada bahalı villa kolleksiyası yığırlar. Kimdir fərari?
AXC hökumətinin prezidenti övladına ayaqqabı almaq üçün maaşı gözləyirdi. YAP nazirinin övladı isə 2.6 milyon manatlıq saat taxır. Kimdir rüşvətxor?
AXC hökumətin tənqid etmək olar, amma bu tənqidi YAP hakimiyyəti edə bilməz. Yaltaqlığı, oğurluğu, hüquqsuzluğu dövlət siyasətinə çevirənlər, seçilmiş və xalqın sevən hökumətə dil uzada bilməz.
Paşinyanın Qubadlıda istirahət mərkəzi, Cəbrayılda körpü, Zəngilanda şəhərcik salması AXC hakimiyyətinin deyil, YAP hakimiyyətinin dövründə baş verir. Hektarlarla ərazini zəbt edən, Britaniyada 100 milyon dolları üzə çıxan, offşorlara pul yığan vəzifəlillər YAP-ın kadrlarıdı.
Öz gözündəki dağı görməyənlər, özgəsinin ayağındakı qumu axtarır.
Cənablar, daha neçə il yarıtmazlığınızı AXC-nin üstünə atacaqsız? Yüzminlərlə vətəndaş ölkədən qaçmaq üçün yollar axrarır, bunun günahkarı da AXC-dir?
Məhkəmələr tamaşa salonuna çevrilib, təhsil çöküb, iqtisadiyyat məmur inhisarında çabalayır, ölkədə repressiya tüğyan edir. Bunun da günahkarı AXC-dir?
Kasıbın yardımın mənimsəyən icra başçısı, özəl həbsxana saxlayan general AXC-ni təmsil edir?
Əslində, AXC-ni tez-tez xatırlamaqla, cəmiyyətə müqayisə imkanı yaradırsız. 1 illik hakimiyyətin qeybətin etməklə, 27 illik hakimiyyətin iç üzün göstərmiş olursuz.
Bəli, YAP-a ən yaxşı qiyməti, AXC hakimiyyətindən baxmaqla vermək olar.