Avtoritar idarəetmənin fəsadları

Xəstəlik niyə birdən-birə bu qədər sürətlə yayıldı?

Şahvələd Çobanoğlu


İllər öncə idi. Bir dəfə Redaktorlar Birliyi tədbir keçirirdi, qəzet yayımı ilə bağlı mövzuya gələndə, Mehman Əliyev mənə üz tutdu ki, yayım üzrə ekspertimiz sənsən, bəlkə fikirlərini deyəsən. Mətbuat yayımı və onun problemləri ilə bağlı raportları o zaman mən hazırlamışdım.
Dedim istəyirsiniz bir cümlə ilə ifadə edim: “Bizim ölkədə qrip və ya hər hansı yoluxucu xəstəliyin yayılmasına qəzetin yayılması qədər əngəl yaratmırlar”.
Zalda gülüşmə başladı və mən də çıxışıma davam etdim.
Vəziyyətin bu günə gələcəyini öncədən görmək və qarşısını almaq üçün birinci çatışmayan məqam elə budur. Azad mətbuat yoxdur, hakimiyyət prosesi yenə də qapalı aparır. Pandemiya başlayandan cəmiyyətə təzyiq oldu ki, susun. Tənqid, təklif eşidən olmadı.
İkinci problem, idarəetmənin avtoritarlığıdır. Bizim dəyərli həmkarımız Nailə xanım nəhayət cəmiyyətdə tez-tez səsləndirilən sualı yetkililərə verib. Operativ qərargahda qərarları kim qəbul edir?
Amma ölkədə bütün qərarları bir nəfər verir. Qalanları bütün hallarda mədhiyyə deyir. TƏBİB-in rəhbərini bir neçə dəfə dinlədim, savadsız adama oxşamır, yaxşı nitqi var, amma heç nə danışmır, bəzi formallıqları söyləyir, qalanı eyni kontentdir və əsas məlumatlar deyil. Hətta bir dəfə qrafiklərlərlə danışırdı, qrafiklər isə ən adi məlumat xarakterli idi, analitik deyildi. Bunun nə mənası vardı, bilmədim.
Yaxud doktor, deputat Rəşad Mahmudov, savadlı da adamdır, amma hələ anlamıram ki, nə deyir, nə görür.
Bunlarının hamısının öz ixtisaslarında öncə bir ixtisası var. Mədhiyyəçi. Bütün çıxışlar onunla bitməlidir ki, İlham Əliyev hər şeyə nəzarət edir, xalq üçün heç kimin eləmədiyini edir.
Ən başda qoyulan sualla bağlı öz şübhə və gümanımı deyim.

  • İlk dövrdə karantinə alınanların şərait və münasibətdən narazılıqlarını görən və səhiyyəyə etibar etməyən çox sayda insan həkimə getmədi, evdə müalicəyə üstünlük verdi. Kimi dindirirdin, evdə koronoya qarşı dərman içirdi. Hələ birinci karantin dövründə adi parasetomol, azitromitsin apteklərdən tükənmişdi. Hökumətdə də bilirlər ki, insanlar evdə özbaşına arbidol içir. Ona görə TV-lərdə tez-tez bunun əleyhinə danışırlar. Fəqət bunun nəyə gətirəcəyəni hesablamadılar. Evdə ÖZBAŞINA və SƏHİYYƏDƏN KƏNAR müalicələr isə nəhayət partladı, partlamalı idi, həm xəstəxanaya daha çox adam müraciət etməli oldu, həm də simptomsuz daşıyıcılar karantin yumşalan kimi başqalarını koronoya qonaq etdilər. Bizim idarəçilər isı bunu görmədi.
    Test sistemimiz düzgün qurulubmu? Pandemiyanın ilk dövründə DST (ÜST) komissiya yollamışdı, o çərçivədə Bakıya gələn türkiyəli professor bir TV verilişində Azərbaycanın test sistemindən narazılığını söyləmişdi. Bu məsələyə aydınlıq gətirilmədi. Hande Armançı isə bizə əlyuma proseduru danışır.
    Çox məqamlar, çox suallar var ki, bunları tam aydınlaşdırmadan vəziyyəti bilmək və gedişatı dəyişmək mümkün deyil.
    Acı gerçək, təəssüf ki, ortadadır.
    Bizimkilər elə bilir, virus da qəzetdir, köşkünü götürürsən, yoxa çıxır.