AXCP RH üzvü Fuad Qəhrəmanlı
Ölkədə vəziyyət getdikcə milli fəlakət həddinə çatır. Hökumət isə vəziyyətlə barışmış kimi görünür. Artıq virusa yoluxma sayı 600 – ə yaxınlaşır və belə görünür ki, artım dinamikası davam edəcək. Bu sayın daha da artmaması üçün nə etməyi düşünürlər, hansı tədbirlər planı var, bu barədə heç bir rəsmi açıqlama yoxdur.
TƏBİB ilə Səhiyyə Nazirliyi arasında səlahiyyət dəyiş-düyüşü ilə günü yola verirlər. Açıq aydın görünür ki, hakimiyyət böhranlı vəziyyətə qətiyyən hazır deyil, mövcud sistemin yararsızığı effektiv addımlar atmağın qarşısını alır.
Hökumət ən yüksək səviyyədə hazırkı sistemin yaranmış böhranının öhdəsindən gəlmək iqtidarında olmadığını xalqa açıq etiraf etməlidir. Yalan üzərində qurulmuş bayağı, şit tərif ritorikasından imtina edilməli, real qiymətləndirmə aparılmalıdır. Ən yüksək səviyyədə pandemiya əhlükəsinə qarşı milli səfərbərlik elan olunmasına ehtiyac var.
Bu isə xalqın etimadını itirmiş hakimiyyətin çağrışı ilə mümkün deyil. Xalq təhlükənin böyüklüyünə rəğmən, hələ də öz inamsızlığı ilə faciəyə doğru yelkən açıb.
Hakimiyyət təcili xalqın etimad göstərdiyi qüvvələrlə birgə böhran masası yaratmağa təşəbbüs göstərməli, ictimai müzakirələr və beynəlxalq təcrübə əsasında, epidemiya qarşı mübarizə strategiyası hazırlanmalıdır.
Siyasəti də, siyasi maraqları da bir kənara qoyub, anlamaq lazımdır ki, xalq təhlükənin böyüklüyünə hələ də inanmırsa, inzibati tədbirlər yetərsiz qalacaq. Xalqın özünü bu işə qoşmaq, bunun üçün isə, cəmiyyətin etimad göstərdiyi formatda işi yenidən təşkil etmək gərəkdir.
Sonra gec olacaq.