Bəxtiyar Hacıyev
Bu gün çox dəyər verdiyim, sevdiyim, xətrini dünyalar qədər istədiyim bir insanla danışırdıq. Atasının koronavirusa yoluxduğunu dedi, çətinliklə də olsa, xəstəxanada yer tapıb, yerləşdirdiklərini yazdı. Xoş söhbətdən, sağollaşandan 1 saat keçəndən sonra atasını itirdiyini yazdı. Əgər mən dəyər verdiyim, sevdiyim, xətrini bu qədər istədiyim insanın itkisinə görə belə çökdümsə, o hansı hisslər keçirir, Allah bilir.
Məni çökdürən təkcə sevdiyimiz insanları, sevdiyimiz insanların yaxınlarını itirmək deyil. Toplumumuzda zamanında düzgün olmayan idarəçiliyin qurbanı olaraq, cəhalət də geniş yayılıb. Əgər bu gün də “virus varmı, oyundur, virusa inanırsınızmı” söhbətləri eşidirsinizsə, bu koronavirusdan da betər bəladır, təhlükədir.
Yaxın günlərdə xəstəxanalar tam dolacaq, həkim tapılmayacaq. Bir anlıq atanızı, ananızı, qardaş və bacınızı, nənənizi, babanızı, doğmalarınızı, müəlliminizi, iş yoldaşınızı, dostlarınızı, sevdiyiniz qız vəya oğlanı gözünüzün önünə gətirin. Dostlarınıza “atamı itirdim”, “anam vəfat etdi”, “qardaşımı basdırdıq” demək istəmirsinizsə, var gücünüzlə özünüzü və yaxınlarınızı bu bəladan qoruyun.
Eyni zamanda bir tərəfdə “panika yaratmayın, dövlət hər şeyi edir” deyənlərin, digər tərəfdə “boş şeydir, inanmayın, kef edin” deyənlərin təbliğatı ilə var gücümüzlə savaşmalıyıq. Bu mübarizə təkcə həkimlərin xəstəliklə yox, bizim də ictimai maarifləndirməyimizlə uğurlu ola bilər.
Allah hər birimizin yaxınlarını, ailəsini, dostlarını, əzizlərini qorusun bu bəladan. Mən daha heç bir dəyər verdiyim insandan acı xəbər almaq, ağlayan səs eşitmək istəmərəm.