Ilham Hüseyn
Bu hökumətin ən böyük naşılığı ondadır ki, Rəsulzadəni, Elçibəyi gözdən salmaq üçün min fitnəyə əl atır.
Elə bilirlər ki, Rəsulzadə gözdən düşəndə YAP hakimiyyətinə avtomatik sevgi yaranacaq. Elə bilirlər ki, Elçibəyi aşağılayanda xalqın gözündə rejimin dəyəri yüksələcək.
Bəli, Rəsulzadəylə, Elçibəylə eyni tabloda yer almaq üçün Əliyev hakimiyyətinin böyük şansı var idi. Bu 27 ildə elə bir performans göstərmək olardı ki, xalqın əbədi sevgisi təmin edilsin. Amma korrupsiya, repressiya, hüquqsuzluq, saxtakarlıq istehsal edib, sonra da hörmətli olmaq mümkün deyil.
27 ildə 27 qarış torpaq azad edə bilməyən, Rusiyanın tələbi ilə müzəffər ordunu dayandıran hökumətin “Rəsulzadə İrəvanı güzəştə getdi” təbliğatı, bumeranq effekti verir.
Dövlətin əmlakına tamah salmayan, xalqın sevən, sadəliyi və humanizmi ilə örnək olan Elçibəyə “çox zəif adam idi” damağsı yapışdırmaqla, insanlarda ona qarşı nifrət yaratmaq mümkün deyil.
Əksinə, hakimiyyət bu adamları hədəf seçməklə, “özünübitirmə əməliyyatı” aparır.
Yaxud, bu günümüzə nəzər salaq. Mübarizənin önündə olan adamlara nə qədər çamur atılsa da, xalqın rəğbətin azaltmaq olmur. Bu hökumətin hansı nümayəndəsi cəmiyyətdə Tofiq Yaqubludan, Babək Həsənlidən, Aqil Məhərrəmlidən və digər vicdan məhbuslarından nüfuzludur? Hansı siyasi xadimlərinin müsahibəsi, çıxışı, Əli Kərimlinin çıxışları qədər ictimai marağa səbəb olur?
Bu adamlar başa düşmürlər ki, qorxu sevgi yarada bilməz, müvəqqəti sevgi görüntüsü yarada bilər. Başa düşmürlər ki, Rəsulzadələri hədəf seçməklə, özlərin hədəf taxtasına çevirirlər.
Cümhuriyyətin baş naziri atasına məktub yazıb, dolanışıq üçün pul istəyirdi. YAP hakimiyyətinin “ayaq nazirləri” isə milyard dollarlarla evcik-evcik oynayırlar. Maddi sərvətə təslim olanlar, mənəvi sərvətlə öyünənlərə məğlubdur. Bu rejim hər gün Rəsulzadəyə, Elçibəyə məğlub olur.
Məğlubların çamuru, qalibləri ləkələyə bilməz.