Milli Şuranın sədri Cəmil Həsənli
Həmin günlər yaddaşıma əbədi olaraq həkk olub. 1993-cü ilin iyunun 24-də Əbülfəz bəyin ad günü idi. Mən bir neçə gün öncə kəndə gəlmişdim. Həmin gün Nəcəf bəy də Kələkiyə gəlmişdi. İyunun 24-ü həm də Nəcəf bəyin doğum günü idi. Lakin Nəcəf bəy məşhur çantasını da çiyninə atıb həmin gün Kələkiyə gəlmişdi.
Əbülfəz bəyin ad günlərini biz bir neçə dəfə Nəcəf bəylə birlikdə Kələkidə keçirdik. Bu gün Nəcəf bəyin 65 yaşı tamam olur. O, təkrarsız bir ziyalı, ağır günün dostu idi. Əbülfəz bəylə eyni gündə doğulduğundan Nəcəf bəy son bir neçə il öz ad gününü keçirmədi. Həmin günü o, məhz Əbülfəz bəylə birlikdə keçirməyə çalışırdı. Dağların qoynuna sığınmış bu balaca kənd çox maraqlı hadisələrə şahidlik edib.
Sərqdə belə şeylər olub. XX əsr İranın ən böyük milli liderlərindən olan Məhəmmədəli Müsəddiq də 1953-cü il qiyamından, dövlət çevrilişindən sonra öz kəndinə sığınmışdı.Neft uğrunda mübarizə aparan beynəlxalq güclər onu da qiyam yolu ilə devirmişdilər.
Əbülfəz bəylə Kələkidə çox maraqli söhbətlərimiz olurdu. Bu söhbətlər bəzən gecə yarısına qədər davam etdiyindəm kəndin aşağısından axan dağ çayından başqa hamı yuxiya gedir, sankı bütün ətraf mürgüləyirdi. Gecənin mübhəm sukutunda, Allahdan yuxari bir kimsənin, bizdən aşağıda bir Allah bəndəsinin oyaq olmadığı həmin məqamlarda həmsöhbətlərimin yorulub öləziyən lampa işığındakı nurlu çohrələri indi də, bu uzaq Amerikada da gözlərimin qarşısındadır. Hər ikisi nur içində yatsın!