AXCP sədri Əli Kərimli öz facebook səhifəsində hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı dövlət səviyyəsində apardığı iyrənc kampaniya ilə bağlı status paylaşıb. Ə.Kərimlinin sözügedən məsələ ilə bağlı yazısını təqdim edirik: “Rejimin nankorluğu bütün hədləri aşıb. Nəinki M.Ə.Rəsulzadəyə qarşı, hətta Azərbaycanın istiqlaliyyətini bütün dünyaya bəyan etmiş Milli Şuraya, qurucu babalarımıza, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı dövlət səviyyəsində çox iyrənc kampaniya aparılır. Şübhəm yoxdur ki, kampaniyanın sifarişi şəxsən İlham Əliyevdən gəlib. Kampaniyada öncüllüyü isə Əliyevlər ailəsinə məxsus Space TV edir.
Space TV-nin “Sadə həqiqətlər” adı altında sırınan utanmaz yalanlar proqramının sualına baxın: “Necə oldu ki, sonralar demək olar, hamı güllələndi. Bolşeviklər, cumhuriyyəti quranların çoxu, ancaq ölkə başçısı və Milli Şuranın sədri Rəsulzadə sağ qaldı?”.
Sualın həyasızlığını, Rəsulzadəyə nifrətin dərəcəsini hiss edirsinizmi?
Bu nankorlarda Rəsulzadə, cümhuriyyət düşmənçiliyi o həddə çatıb ki, indi artıq Rəsulzadəni, qurucu babalarımızı təkcə İrəvanın Ermənistana güzəştə gedilməsinə görə deyil, həm də Ermənistan dövlətinin qurulmasına görə ittiham edirlər. Guya ki, doğma Bakısı belə erməni işğalında olan Rəsulzadə ən müxtəlif səbəblərdən Cənubi Qafqaza cəmlənmiş, 1.5 milyon əhalisi, sayı 100 minlərlə hesablanan silahlı dəstələri olan, bütün böyük dövlətlərin dəstəklədiyi ermənilərə dövlət qurmağı qadağan edə bilərmiş.
Bu qədər cahillik, bu qədər qərəz dövlət siyasətinə necə çevrilə bilib?
Nəhayət, əsl niyyətlərini də öz dillərilə faş etdilər. Rəsulzadəni öz aləmlərində xeyli aşağıladıqdan sonra onu Heydər Əliyevlə qarşılaşdırırlar (link şərh bölümündə). Utanmadan belə deyirlər: “Heydər Əliyev kimi bir dünya miqyaslı siyasətçini aldatmaq olmazdı. Ancaq Rəsulzadəgil erməni köçündən qorxub buna imza atdılar. Ancaq Heydər Əliyev olsaydı qorxmazdı axı”.
Dərdləri bəlli oldu. Rəsulzadəni qaralamaq, Əliyevi tərifləməklə öz məhdud ağıllarına görə Rəsulzadəni milyonların qəlbində tutduğu ucalıqdan düşürüb, həmin könüllərin taxtına H.Əliyevi əyləşdirmək imiş. Nadanlar! Rəsulzadəni hətta Sovet təbliğat maşını belə 70 ildə xalqımızın gözündən sala bilmədi. Siz kimsiniz ki?
Heydər Əliyevi isə xalqımız yaxşı tanıyır. Naxçıvanda Muxtar Respublikanın rəhbəri olan zaman Azərbaycan dövlətinin başının üstündən Ermənistanla sülh razılaşmasını da, hakimiyyətə gələn kimi 33 könüllü batalyonu AXC batalyonları adı altında tərxis etməsini də, onun hakimiyyətə yiyələnməsindən sonra 6 rayonumuzun ermənilər tərəfindən işğalını da xalqımız yaxşı xatırlayır.
Əziz həmvətənlər, videomüsahibələr vermək imkanım olanda qurucu babalarımıza qarşı aparılan bu çirkin kampaniyaya daha ətraflı cavab verərəm. Ancaq hazırda xahişim odur ki, qurucu babalarımıza qarşı bu mənəviyyatsız kampaniyaya hamılıqla etiraz edəsiniz.
Bu çirkin kampaniyaya “elmilik”, “tarixi həqiqət” donu geyindirməkdə rejimə kömək edən psevdoalimlər və saxta ziyalı maskası taxmışlar dərhal xalqımızın güclü ictimai qınağını hiss etməlidirlər. Cümhuriyyət irsimizi qaralamaq heç kim üçün asan olmamalıdır. Bu namərd işə qol qoyanlar əmin olmalıdırlar ki, xalqın gözündə zərrə qədər hörmətləri qalmayacaq. Cümhiriyyətin qanunlarını, prinsiplərini tapdayıblar, bizə bircə adı qalıb. O təmiz adı, o şərəfli irsi alçaltmağa kimsəyə imkan verməyəcəyik!
Xalq olaraq rejimə birlikdə və güclü mesaj verməliyik. Biz xalq olaraq sizin dəstə kimi nankor ola bilmərik. Dünyadakı ən ağır şərtlər altında yoxdan bir dövlət yaratmış, şəxsi sərvətlərini, azadlıqlarını, ailələrini Azərbaycan davasına qurban vermiş, canları bahasına cümhuriyyət qurmuş, millətimizin başını millətlər içində uca etmiş Rəsulzadə başda olmaqla bütün qurucu babalarımızı sizlərin həyasız şərindən qoruyacağıq. Rəsulzadəni könlümüzdəki ucalıqdan düşürmək sizin bacaracağınız iş deyil. Bacarmazsınız! Qürur mənbəyimiz olan cümhuriyyət irsimizdən əl çəkin!”.
P.S Ə.Kərimli yazını səhifəsinin admin heyətinin yardımı ilə paylaşıb.