Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Artıq bir aydan çoxdur ki, banklarda hətta 100 dollar alan vətəndaşlara da izahat yazıdırırlar.
İki gün öncə 500 dollar alan vətəndaşın həmin pulun mənbəyi, nə məqsədlə alındığı haqqında arayış yazmalı olduğu rəsmiləşdi. Pulun mənbəyi aydın olmasa həmin pul qeyri-sahibkarlıq fəaliyyətinin nəticəsində qazanılmış vəsait kimi dəyərləndiriləcək və 14 faizi tutulacaq.
Bu nə biabırçılıqdır?! Bu nə qanunsuzluqdur?! Vətəndaş cinayət törətməyibsə, həmin vəsaiti cinayətkarlıq yolu ilə əldə etməyibsə və bu haqda istintaq orqanlarının əlində mötəbər sübutlar yoxdursa, hansı əsasla ondan pulun mənbəyini açıqlamasını tələb edirsiniz?! Bunun qanunazidd olduğunu bilmirsinizmi?!
Birincisi, söhbət çox kiçik bir vəsaitdən-500 dollardan gedir. Avropa ölkələrinin əksəriyyətində işsizliyə, kasıblığa görə müavinətlər bu məbləğdən 3-4 dəfə çoxdur.
İkincisi, sıravi vətəndaş dövlət məmuru deyil ki, onun dövlət büdcəsinə, dövlət sirrinə çıxış imkanı olsun və buna görə də onun sərvəti ictimaiyyətin daimi diqqətində saxlanılsın.
Necə olur ki, Elmar Məmmədyarovun, ölkənin xarici işlər naziri ola-ola, bir gündə Nyu-Yorkun ən bahalı rayonunda- Manhettendə öz övladlarına 4,2 milyon dollar dəyərində iki Penthaus alması onun “şəxsi məsələsi” olur, ancaq azərbaycanlıların qara gün üçün, qaçılmaz devalvasiyadan qorunmaq məqsədilə 500 dollar alıb saxlaması dövlət əhəmiyyətli məsələ?!
Necə olur ki, Elmar Məmmədyarov həmin 4,2 milyon dolların mənbəyini, necə əldə etdiyini arayış yazıb açıqlamır, amma biz 500 dollara görə YAP-a hesabat verməliyik?!
Rövnəq Abdullayevin oğlunun 4-5 milyonluq saatlarının hesabatını vermisinizmi bu xalqa?!
Bəlkə Əli Həsənovun avara nəvəsi içkili vəziyyətdə sürüdyü və təkərləri altında 4 insanı o dünyaya göndərdiyi 200 min avroluq avtomobilinin hesabatını verib?!
Eldar Mahmudovdan Londonda üzərinə həbs qoyulan 100 milyon avroluq (206 milyon manat edir!) sərvətin mənbəyini sorub 14 faizini tutmuşdunuz?!
Bəlkə dəyəri 4-5 milyondan baha olan villalarda yaşayan, 200-300 min dollar dəyərində maşın kolleksiyalarına sahib nazirləriniz, məmurlarınız, deputatlarınız həmin pulların mənbəyini açıqlayıb, xəbərimiz olmayıb?!
Ən ucuz kostyumunun dəyəri 4-5 min avro olan, arvadları-qızları bir dəfə geyinib adam arasına çıxmağa azı 4-5 min avro xərcləyən, əllərinə 5-10 min manatdan ucuz çanta almayanlar (bəzən 200 minlik də olur) hansı üzlə vətəndaşdan 500 dolların hesabatını istəyirlər?!
Onu istəyirsiniz ki, insanlar sizin milyonluq villalarınıza, bağlarınıza, obyektlərinizə, yüz minlik maşınlarınıza hücum çəkib sizdən hesabat istəsin?! Arvadlarınızı, qızlarınızı küçədə saxlayıb dəyəri on minlərlə ölçülər libaslarının hesabatını tələb etsin?! Bu vəziyyətimi yetişdirmək istəyirsiniz?!
Niyə unudursunuz ki, bu xalq əldə etdiyi qəpik-quruşu öz alnının tərilə, halal zəhmətlə qazanıb, siz isə milyonları, milyardları büdcədən oğurlamısınız, korrupsiya yolu ilə, evlər yıxmaqla qazanmısınız.
Azərbaycan xalqının bunu anladığını bilə-bilə hansı üzlə, hansı mənəvi haqla, hansı hüquqi əsasla insanların qəpik-quruşunu da əlindən almaq, cibinə girmək cəsarətində bulunursunuz?!
Mən hələ onu demirəm ki, möhkəm valyutaların sərbəst satışda olmadığı ölkələr totalitar ölkələrdir və həmin ölkələrin iqtisadi və siyasi perspektivləri 0-a bərabərdir.