Rusiya baş nazirinin narkotrafiki dəstəklədiyinə dair gizli dosyelər yayıldı
“Rusiya MDB ölkələrində rəngli inqilabların qarşısını alıb”
Dünyanın müxtəlif ölkələrində çalışan diplomatların Vaşinqtona ünvanladığı məxfi məktubları yayan WikiLeaks saytı növbəti yazışmaları açıqlayıb. Amerikalı diplomat Tacikistandan Vaşinqtona yolladığı məxfi teleqramında qeyd edir ki, Tacikistanın müdafiə nazirliyinin məsləhətçiləri olmuş rus generallar özlərini mafioz qruplaşma üzvləri kimi aparır. Onlar ölkə ərazisindən narkotranzit kimi istifadə olunmasına nəzarəti əllərində saxlamağa çalışır. Keçmiş sovet ölkəsində hərbi-texniki geriliyin hökm sürməsi həmin rus generallara rahat əl-qol açmaq və istədiklərini etmək imkanı yaradıb. Bu barədə Tacikistan prezidenti Imoməli Rəhmanov 2005-ci ildə amerikalı diplomatlarla görüşü zamanı söyləyib.
ABŞ-ın Düşənbədəki səfiri Riçard Houqlandla görüşən ölkə başçısı Rusiyanın o zamankı prezidenti Vladimir Putinə rus generalların Tacikistanda narkotrafikə nəzarət etdiyini bildirib. Lakin Rusiya prezidenti Putin tacik həmkarının iddialarına məhəl qoymayıb.
“Tacikistanda çalışan 50 rus generalı bizim ölkənin təhlükəsizliyi və müasir ordu qurmağımız üçün yardım etmədilər. Çünki onlar bizim zəif olmağımızı istəyirdilər. Onlara narkoticarəti nəzarətdə saxlamaq və ölkəmizin ərazisindən narkotrafik kimi istifadə etmək lazım idi”,-deyə Tacikistan prezidenti Imoməli Rəhmanov diplomata bildirib.
Bundan başda, WikiLeaks sənədlərində qeyd olunur ki, Rusiya 2004-2005-ci illərdə bütün MDB ölkələrində eləcə də Tacikistanda demokratik inqilabların qarşısını almaq üçün cidd-cəhdlə çalışıb: “Moskva Tacikistanda və bütövlükdə keçmiş sovet ölkələrində Qərb dövlətlərinin dəstəyilə demokratik hərəkatların qarşısını almaqda fəal işlər görürdü. Kreml Milli Demokratiya Institutunun və ”Freedom House” təşkilatının təklif etdiyi iqtisadi-siyasi islahatların həyata keçirilməsinə mane oldu. Rusiya həmin illərdə keçmiş sovet ölkələrindəki bəzi iqtidarlara demokratik hərəkatı boğmaqda yardım edib”.
İnformasiya şöbəsi