AXCP sədrinin müavini Gözəl Bayramlı
Koronavirusu fürsət bilib siyasi rəqiblərə qarşı hücuma keçəndə, Tofiq Yaqublunu və onlarla cəbhəçini, ictimai-siyasi fəalı qondarma və saxta ittihamlarla həbs edəndə, karantin günlərində evdə qalmağa məhkum edilən əhalinin cüzi bir hissəsinə belə 190 manat yardım vermək üçün min oyundan çıxanda, koronavirus dövlətimiz qarşısında aciz qalıb gülünc bəyanatı tirajlayanda, Operativ Qərargah dediyiniz qurumun əndrəbadi qərarları ilə insanlarda inamsızlıq və nifrət yaradanda bu aqibəti göz önünə almalı idiniz.
Bütün bunlar sizin əsəriniz, cənablar!
Xalqa bu ağır günlərdə dəstək olmadınız, normal karantin mühiti yaradıb onlara yardım etmədiniz, əksinə 10 minlərlə insanı əsassız cərimələrlə yükləyib onların həyat şəraitlərini daha da ağırlaşdırdınız, cərimələrin ödənməsi üçün məhkəmələri belə bu prosesə qoşdunuz.
İndi də həftəsonu evdən çıxmama qadağası ilə xalqa zülm edirsiniz. Əgər ictimai nəqliyyatda basa-bas varsa, hava təmizləyici qurğular çalışmırsa, ticarət mərkəzlərində, marketlərdə qaydalara riayət olunmursa, həftəsonu qadağasına zibil tökməmək qadağası da əlavə olunursa, maska satışını biznesə çeviribsinizsə, hansı uğurlu nəticə gözləyirsiniz?
Yarıtmaz idarəçiliyiniz, saxtakarlığınız, talançılığınız, oğurluqlarınız, yalanlarınızla ölkəni fəlakət həddinə siz çatdırıbsınız.
Səhiyyə sistemini çökdürüb ağlar günə qoymusunuz. TƏBİB dediyiniz qurum bu işin öhdəsindən gələ bilmir, saatlarla xəstə yaxınlarının telefonlarına cavab verilmir, tibbi yardım göstərilmədiyi üçün neçə xəstə həyatını itirir. Həkimlərə ayrılan kompensasiyanı belə vaxtında vermirsiniz.
Özünüzə yaxın biznes sahələrinə külli miqdarda kompensasiya ödədiyiniz halda, başqa sahələrə bunu etmədiniz. Koronavirusu öz biznesiniz üçün fürsətə çevirdiniz.
Xalq bütün bunları görür, sizə inanmır, sözçülərinizin bir fikri belə ciddiyə alınmır, lağ obyektinə çevrilir.
Ölkəni gətirdiyiniz son nöqtə budur! Fəlakət!!!